...

Azərbaycan mətbuatının tarixinə dair kitabın təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 20 İyul 2010 13:53 (UTC +04:00)
Akif Aşırlının Azərbaycan mətbuatı tarixi kitabının ikinci cildinin təqdimatı keçirilib.
Azərbaycan mətbuatının tarixinə dair kitabın təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Atatürk Mərkəzində iyulun 20-də filologiya elmləri namizədi, dosent Akif Aşırlının "Azərbaycan mətbuatı tarixi" (1920-1990) kitabının II hissəsinin təqdimat mərasimi keçirilib.

"Gördüm ki, belə bir kitaba ehtiyac və boşluq var, bu boşluğu qismən doldurmağa çalışdım. Bu, eyni zamanda, mənim tarixçiliyimdən, peşə bazamdan irəli gələn Azərbaycan mətbuat tarixinin niyə yazıya alınmaması sualına özümün tapdığım cavabdır. Bu kitab 2 hissədən ibarətdir və kitabın I hissəsi ötən il təqdim olunub. I hissədə Azərbaycan mətbuat tarixinin 1875-1920-ci illəri göz önünə gətirməyə çalışmışam", - Aşırlı çıxışında bildirib.

Aşırlı deyib ki, Azərbaycanda sovet dönəmi jurnalistikasına bu gün birmənalı münasibət yoxdur və bu dövrlə bağlı müxtəlif fikirlər səslənir.

"Mən, sadəcə, bir vətəndaş olaraq tərəfsiz və qərəzsiz, obyektiv şəkildə bu proseslərə yanaşmağa çalışdım və Azərbaycanın sovet mətbuatını qələmə aldım", - müəllif deyib.

Təqdimatda kitabın ön söz müəllifi və elmi redaktoru, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Cahangir Məmmədli çıxışında hər bir kitabın işıq üzü görməsini bayram hesab etdiyini dilə gətirib: "135 illik tarixi olan Azərbaycan mətbuatı şərəfli bir tarixə malikdir. Bu kitab təkcə jurnalistika fakültəsinin tələbələri üçün deyil, eyni zamanda, mətbuatla maraqlanan bütün insanlar üçün çox gözəl nəşrdir".

"Bu kitabda Azərbaycan mətbuatına xronoloji və tipoloji yanaşma var. Mətbuatımız həm tarixi dövrlərə, həm də ideoloji məsələlərə görə təsnif olunub. Bütün yanaşmalarda obyektivlik qorunub". Bu barədə kitabın təqdimatında çıxışı zamanı "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib.

Kitab Azərbaycan mətbuat tarixinin 1920-1990-cı illərini, sovet dövrü mətbuatını əhatə edir. Bu kitab 1920-1990-cı illər dövrünün araşdırılmasına həsr olunan ilk kitabdır.

Xəbər lenti

Xəbər lenti