Azərbaycanın elmi və təhsil ictimaiyyətinə ağır itki üz verib. Respublikamızın tanınmış alimi, fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Fuad Feyzulla oğlu Qasımzadə 2010-cu il avqustun 3-də ömrünün 81-ci ilində vəfat edib.
Fuad Qasımzadə 1929-cu il oktyabr ayının 22-də Bakı şəhərində anadan olub. Orta məktəbi qızıl medalla bitirdikdən sonra o, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil alıb. Fuad Qasımzadə 1952-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, həmin universitetin fəlsəfə ixtisası üzrə aspiranturasına daxil olub.
Əmək fəaliyyətinə 1953-cü ildə, hələ Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alarkən başlayan Fuad Qasımzadə həyatını bu təhsil ocağı ilə bağlayıb. O, 1955-1967-ci illərdə burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb, 1966-cı ildən ömrünün sonunadək kafedra müdiri olub. Pedaqoji işlə yanaşı o, 1990-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifəsini tutub.
Fuad Qasımzadə 1958-ci ildə fəlsəfə elmləri namizədi, 1966-cı ildə fəlsəfə elmləri doktoru elmi dərəcələrini alıb. O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
Azərbaycan elminin tanınmış nümayəndəsi kimi Fuad Qasımzadə uzun illər ərzində ictimai elmlərin aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə məşğul olub. Alimin bədii-ictimai fikir tariximizin görkəmli nümayəndələrinin yaradıcılığının fəlsəfi-estetik aspektlərinə həsr olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb. Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə kimi şəxsiyyətlərin irsinə dair araşdırmaları ilə o, fəlsəfi fikir tariximizə layiqli töhfələr verib. Alimin mədəni irsimizin bir sıra abidələrinin, o cümlədən "Kitabi-Dədə Qorqud"un fəlsəfi xüsusiyyətləri ilə bağlı fikir və mülahizələri mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
Fuad Qasımzadənin elmi-pedaqoji fəaliyyəti monoqrafiyalar, dərsliklər və məqalələrdən ibarət 300-ə yaxın nəşrdə öz əksini tapıb. Onun rəhbərliyi altında çox sayda namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib.
Fuad Qasımzadə publisistika sahəsində də uğurla çalışıb. O, kütləvi informasiya vasitələrində milli adət-ənənələrimizin, mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanması mövzusunda məqalə və çıxışları ilə müasirlərinin yaddaşında qalıb.
Elmi yaradıcılığını tədris prosesi ilə daim uğurlu şəkildə birləşdirən Fuad Qasımzadə altmış ilə yaxın bir müddətdə ictimai elmlərin öyrənilməsi, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması işində öz bilik və bacarığını əsirgəməyib.
Fuad Qasımzadə filosofların bir sıra beynəlxalq konqres və simpoziumlarındakı çıxışları ilə zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan fəlsəfi və elmi fikir tarixinin nailiyyətlərinin təbliğinə xidmət göstərib. O, ölkəmizin elmi-mədəni həyatında daim yaxından iştirak edib, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib.
Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan təhsili və elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.
Görkəmli alim, tanınmış pedaqoq və səmimi insan Fuad Feyzulla oğlu Qasımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Mahmud Kərimov,
Misir Mərdanov, Şəmsəddin Hacıyev,
Abel Məhərrəmov, Nailə Vəlixanlı,
Cəmil Quliyev, Ağamusa Axundov,
Bəkir Nəbiyev, Vasim Məmmədəliyev
Mərhumun cənazəsi vidalaşmaq üçün 2010-cu il avqustun 4-də saat 14:00-dan 16:00-dək Bakı Dövlət Universitetinin binasında (Zahid Xəlilov küçəsi, 23) qoyulacaq.