Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Bu il "AYAĞA QALX-HƏRƏKƏT ET" (Stand Up-Take Action) şüarı ilə davam edən Minilliyin İnkişaf Məqsədləri (MİM) naminə qlobal kampaniya çərçivəsində BMT İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyi (UN DPİ) "İRƏLİ" İctimai Birliyi ilə birgə tədbir keçirib.
Bakıda yerləşən müxtəlif ali təhsil ocaqlarını təmsil edən 150-dən çox tələbənin iştirakı ilə çərşənbə günü keçirilən tədbirdə gənclər MİM haqqında ətraflı məlumat alıb. Tədbirin sonunda gənclər MİM barəsində məlumat verən vərəqələri şəhərin müxtəlif yerlərində paylayıblar. Məlumatı "İRƏLİ" İctimai Birliyinin mətbuat xidməti yayıb.
"AYAĞA QALX" kampaniyası 2002-ci ilin oktyabrında başlayıb. Kampaniyanın məqsədi MİM-ə nail olmaq üçün görülən işlərə qlobal dəstəyin göstərilməsidir.
2006-ci il oktyabrın 15-16 tarixində dünyanın 80-dən çox ölkəsində həyata keçirilən kampaniyada 23 542 614 insanın eyni vaxtda ayağa qalxması ilə yeni Dünya Ginnes Rekordu qeydə alınıb. Ötən il isə bu rəqəm 173 milyonu keçib.