Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/
Gürcüstanda yaşayan azərbaycanlıların təhsil almaq hüququ məhdudlaşır. Bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında "Qafqaz" Araşdırmalar Mərkəzinin direktoru Kamran Ramazanlı deyib.
Onun sözlərinə görə, hazırkı şəraitdə Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində məktəb direktorlarının gürcüəsilli vətəndaşlardan təyin olunmaları vəziyyəti daha da məhdudlaşdırır. Soydaşlarımız öz dillərində təhsil ala bilmirlər.
Ramazanlı deyib ki, Gürcüstanın təhsil haqqında qanununa edilmiş əlavə və dəyişikliklərə əsasən, bu ölkə ərazisində təhsil yalnız gürcü və abxaz dillərində aparıla bilər. Bu qanuna əsasən, Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məhdudlaşır.
"1989-cu ildə Gürcüstanda 183 Azərbaycan məktəbi, 6 922 azərbaycanlı müəllim və 49 805 şagird var idi. Bu rəqəm 1999-cu ildə bir qədər dəyişib. Belə ki, 1999-cu ilin statistikasına əsasən, 167 məktəb, 4 481 müəllim və 35 908 şagird olub. Ötən il isə Gürcüstanda 124 Azərbaycan məktəbi, 3 777 azərbaycanlı müəllim və 29 184 şagird olub", - o, əlavə edib.