...

Azərbaycanın qocaman jurnalisti Şamil Şahməmmədovun 75 illik yubileyi qeyd olunub

Cəmiyyət Materials 1 Oktyabr 2010 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurasında (MŞ) qocaman jurnalist Şamil Şahməmmədovun 75 illik yubileyi qeyd olunub. Bu barədə cümə günü Trend-ə MŞ-nin mətbuat xidmətindən məlumat veriblər.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov Şamil Şahməmmədov yaradıcılığının çağdaş jurnalistikamız üçün örnək olduğunu deyib. Amaşov yubilyarı tələbkar, mahir idarəçilik qabiliyyətinə xas rəhbər kimi xarakterizə edib. "Şamil müəllim eyni zamanda səmimiliyi, mərdliyi ilə örnəkdir. Onunla birgə işləmək jurnalistika tarixinin müəyyən mərhələsinin iştirakçısı olmaq deməkdir. Bundan böyük fəxarət duyuram. Bu tarixi Şamil müəllim ən adi davranışı ilə yazmağı bacarar. Elə bir adam yoxdur ki, ondan nə isə öyrənməsin. Şamil Şahməmmədov məktəbi Azərbaycan jurnalistikasına neçə-neçə ziyalılar, dəyərli qələm sahibi bəxş edib. Biz bu məktəbin ənənələrini yaşatmalı və gələcək nəslə ötürməliyik", - Amaşov əlavə edib.

MŞ sədri rəhbərlik etdiyi qurumun təbrik məktubunun həkk olunduğu plaketi yubilyara təqdim edib.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktor müavini Dağbəyi İsmayılov yubilyara təmsil olunduğu qurumun kollektivinin təbrik məktubunu təqdim edib. Onun sözlərinə görə, on ildən artıq müddətdə "AzərTAc"ın baş direktoru olmuş Şahməmmədov agentliyin dünya miqyaslı media təşkilatına çevrilməsində müstəsna xidmət göstərib.

Uzun müddət "Azərbaycan gəncləri" qəzetinin redaktoru olmuş, əməkdar jurnalist Yusif Kərimov ölkə jurnalistikasının inkişafında müstəsna xidmətləri olan şəxslərin yada salmasını vacib amil kimi vurğulayıb. Kərimov bildirib ki, Şamil Şahməmmədov yaradıcılığı, bütövlükdə ömür yolu barədə geniş söhbət açılmalı, öyrənilməli görkəmli simalardandır.

Daha sonra çıxış edən natiqlər yubilyarın əmək fəaliyyətini təqdir ediblər və onunla bağlı xatirələrini dilə gətiriblər.

Sonda yubilyar ünvanına söylənmiş xoş sözlərə görə mərasim iştirakçılarına təşəkkürünü bildirib, çağdaş mətbuatımızın təmsilçilərinə tövsiyələrini verib, uğurlar arzulayıb.

Şamil Şahmmədov fəal jurnalist yaradıcılığına hələ Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi olarkən başlayıb. Əvvəlcə radio ilə əməkdaşlıq edib. 1957-ci ildə yeni yaradılan paytaxt qəzeti "Bakı"ya işə götürülüb. Burada müxbir, şöbə müdiri, məsul katib işləyib, baş redaktor vəzifəsinədək yüksəlib. Sonradan "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor müavini, uzun müddət "AzərTAc" Dövlət Teleqraf Agentliyində baş direktor müavini və baş direktor vəzifələrini tutub.

Milli jurnalistikamızın inkişafında müstəsna xidmətləri olan Şahməmmədovun əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilib. "Şöhrət" ordenli qələm sahibi Azərbaycanda bu yüksək dövlət təltifini alan ilk jurnalist kimi tarixə düşüb. O, həmçinin prezident təqaüdçüsüdür.

Xəbər lenti

Xəbər lenti