...

Bundestaqın nümayəndə heyəti Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 20 Oktyabr 2010 11:50 (UTC +04:00)
"Beynəlxalq Parlament Təqaüdü" (BPT) proqramında azərbaycanlı təqaüdçülərin iştirakı məsələsi oktyabrın 21-də Bakıda Almaniya parlamentinin deputatı Şteffen-Klaudio Lemmenin başçılıq etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə görüşündə müzakirə olunacaq.
Bundestaqın nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir S.Ağayeva/

"Beynəlxalq Parlament Təqaüdü" (BPT) proqramında azərbaycanlı təqaüdçülərin iştirakı məsələsi oktyabrın 21-də Bakıda Almaniya parlamentinin deputatı Şteffen-Klaudio Lemmenin başçılıq etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə görüşündə müzakirə olunacaq.

Alman nümayəndə heyəti Azərbaycan-Almaniya parlament dostluq qrupundakı azərbaycanlı deputatlarla, eləcə də Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovla Bundestaqın həyata keçirdiyi "Beynəlxalq Parlament Təqaüdü" proqramında iştirak etmək üçün azərbaycanlı təqaüdçülərin seçimi ilə bağlı görüş keçirəcəklər. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

"Beynəlxalq Parlament Təqaüdü" proqramı çərçivəsində dünyanın 28 ölkəsindən 120 təqaüdçü 2011-ci il martın 1-dən iyulun 31-dək Almaniya parlamentinin fəaliyyətilə tanış olmaq imkanı əldə edəcəklər. Proqramın məqsədi siyasi prosesləri öyrənmək, siyasi qərarların hazırlanması və qəbul edilməsi prosesində iştirak etməkdir.

Təqaüdçülər Bundestaqın deputat ofisində çalışacaqlar, eyni zamanda Berlinin Humbold Universiteti, Azadlıq Universiteti və Texniki Universitetlərindən birində mühazirələri dinləmək və təhsil tədbirlərində iştirak etmək imkanı əldə edəcəklər.

Proqram Bundestaq prezidentinin rəhbərliyi ilə və Berlin universitetlərilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Səfər, ölkədə olma və sığorta üzrə bütün xərcləri layihənin təşkilatçıları öz üzərlərinə götürüblər. Bununla yanaşı, təqaüdçülərə aylıq 450 avro təqaüd ödəniləcək.

AFR səfirliyi dekabrdan başlayaraq, hər il BPT-də iştirak üçün sənədləri qəbul edəcək. Daha ətraflı məlumatı http://www.bundestag.de/ips saytında əldə etmək mümkündür.

Nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində siyasət, iqtisadiyyat və təhsil sahəsindəki əməkdaşlarla görüşlər keçirəcəklər. Daimi əlaqələrin qorunub saxlanması məqsədilə ötənilki təqaüdçülərlə görüşlər də nəzərdə tutulub. Məlumatda deyilir ki, dünyanın bir çox ölkələrində BPT-nin məzunları mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün cəmiyyətlərdə birləşiblər.

Xəbər lenti

Xəbər lenti