Аzərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir М.Əliyev/
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabrın II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib, - bu barədə Trend-ə çərşənbə axşamı idarənin mətbuat xidmətindən məlumat veriblər.
Oktyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi ayın I ongünlüyünə nisbətən saniyədə 13 kubmetr azalaraq, 167 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində, biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 9,46 kubmetr olub.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,82-6,20 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişib.