...

Azərbaycanın prokurorluq işçilərinin test imtahanlarının keçirilməsinə etiraz etməsi barədə məlumatlar əsassızdır - Baş Prokurorluq

Cəmiyyət Materials 4 Dekabr 2010 12:43 (UTC +04:00)
Azərbaycanın Baş Prokurorluğu bəzi KİV-də prokurorluq işçilərinin test imtahanlarının keçirilməsinə etiraz etməsi barədə yayılan məlumatı təkzib edib.
Azərbaycanın prokurorluq işçilərinin test imtahanlarının keçirilməsinə etiraz etməsi barədə məlumatlar əsassızdır - Baş Prokurorluq

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Baş Prokurorluğu bəzi KİV-də prokurorluq işçilərinin test imtahanlarının keçirilməsinə etiraz etməsi barədə yayılan məlumatı təkzib edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov şənbə günü jurnalistlərə bildirib ki, həmin informasiyalar həqiqətə uyğun deyil və obyektiv reallığı əks etdirmir.

"Göstərilənlərlə əlaqədar bildiririk ki, prokurorluq orqanlarında tədris işinin daha da təkmilləşdirilməsi, işçilərin nəzəri bilik və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən 2001-ci ildən etibarən hər həftənin şənbə günlərində Prokurorluğun bütün struktur qurumlarında tədris məşğələləri və ya seminarlar keçirilməklə, qüvvədə olan qanunvericilik aktları, beynəlxalq təcrübə, fəaliyyət istiqamətləri üzrə işin təşkili məsələləri barədə Baş Prokurorluq üzrə müvafiq əmr, sərəncam və göstərişlər ətraflı öyrənilir", - Sultanov əlavə edib.

Onun sözlərinə görə, prokurorluq orqanlarında formalaşmış tədris prosesinin təkmilləşdirilməsi yolu ilə səmərəliliyinin yüksəldilməsi və bu istiqamətdə görülən tədbirlərin stimullaşdırıcı əhəmiyyətinin daha da artırılması məqsədilə prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyələrinin mütəmadi olaraq yoxlanılması prosedurları müəyyənləşdirilməklə bu barədə müvafiq qaydalar işlənilib hazırlanıb.

"Həmin qaydalara müvafiq olaraq prokurorluq işçiləri Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən həyata keçiriləcək həmin yoxlamalara cəlb ediləcəklər. Əsas məqsədi əməkdaşların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi olan bu yoxlamalarda zəruri tələblərə uyğun bilik nümayiş etdirməyənlərin Elm-Tədris Mərkəzində təşkil ediləcək ixtisasartırma kurslarına cəlb edilməsi kimi vasitələrdən istifadə olunacaq. Yoxlamanın nəticələri prokurorluq işçilərinin attestasiyadan keçirilməsi və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı nəzərə alınacaq", - Sultanov deyib.

Bəzi Kütləvi İnformasiya Vasitələrində prokurorluq orqanlarında test imtahanlarının keçirilməsi və bəzi prokurorluq işçilərinin bu məsələyə etiraz etməsi barədə məlumatlar dərc olunub.

Xəbər lenti

Xəbər lenti