...

Azərbaycanda daşqınlar balıqartırma zavodunun istehsal gücünü 10 dəfəyədək azaldıb

Cəmiyyət Materials 14 Dekabr 2010 09:00 (UTC +04:00)
Azərbaycanın Xıllı Nərə Balıqartırma zavodundan 2010-cu ildə Xəzər dənizinə 1,5 milyon ədəd nərə cinsli körpə balıq buraxılıb. Bu barədə bazar ertəsi Trend-ə Xıllı Nərə Balıqartırma zavodunun direktoru Zaur Salmanov bildirib.
Azərbaycanda daşqınlar balıqartırma zavodunun istehsal gücünü 10 dəfəyədək azaldıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Xıllı Nərə Balıqartırma zavodundan 2010-cu ildə Xəzər dənizinə 1,5 milyon ədəd nərə cinsli körpə balıq buraxılıb. Bu barədə bazar ertəsi Trend-ə Xıllı Nərə Balıqartırma zavodunun direktoru Zaur Salmanov bildirib.

"Bu ilin yaz aylarında ölkə ərazisində Kür və Araz çaylarında baş vermiş daşqınlar zavodun fəaliyyətinə ciddi əngəllər törədib. Bu səbəbdən zavodun təxminən iki ay müddətində sugötürmə qabiliyyəti dayandı", - Salmanov bildirib.

Onun sözlərinə görə, Xıllı Nərə Balıqartırma zavodunun layihə sənədi üzrə istehsal gücü ildə 15 milyon balıqdır.

Salmanovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının səyləri nəticəsində zavodda daşqınların fəsadlarının qarşısı alınıb.

"Nazirlik tərəfindən sel və daşqınlara qarşı görülən tədbirlər nəticəsində növbəti il Xəzərə buraxılan nərə cinsli körpə balıqların sayının artırılması gözlənilir", - Salmanov bildirib.

2003-cü ildən fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma zavodundan Xəzər dənizinə indiyədək 41 milyon ədəd nərə cinsli körpə balıq buraxılıb.

15 hektar ərazini əhatə edən, inkubasiya, dairəvi hovuzlar, elektron sexlərin fəaliyyət göstərdiyi zavodda Kür çayından sudurulducu qurğular vasitəsilə əldə olunan sularda 150-200 qramdan 10 kiloqrama qədər balıq böyüdülür. Zavodda hazırda dörd nərə cinsli balıq yetişdirilir - "Bölgə", "Şip", "Uzunburun" və "Nərə".

Zavodun direktoru Xəzəryanı dövlət başçılarının nərə növündən olan balıqların ovuna moratoriumun tətbiqi ilə bağlı razılaşmaya gəlmələrinin brakonyerlərlə daha effektiv mübarizəyə və bu balıqların sayının artırılmasına gətir çıxaracağını bildirib.

Noyabrın 18-də Xəzəryanı dövlət başçılarının Bakı sammitində beş il ərzində Xəzərdə nərə növündən olan balıqların ovuna moratoriumun tətbiqi mexanizmlərinin hazırlanması və müzakirəsi haqqında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti