Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbacan Parlamentinin vitse-spikeri hicab məsələsində Təhsil Nazirliyinin mövqeyini dəstəkləyir.
"Hicabla bağlı məsələnin hansısa gizli dairədən hər zaman idarə olunmasına və ictimai gündəmə gətirilməsinə cəhdlərin mövcudluğunu istisna etmirəm", - Trend-in məlumatına görə, çərşənbə günü jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Ötən cümə günü Təhsil Nazirliyinin binası qarşısında ölkənin təhsil müəssisələrində hicaba qadağa qoyulması ilə əlaqədar icazəsiz etiraz aksiyası keçirilib.
Cümə günü aksiyanın 16 iştirakçısı polis bölməsinə aparılıb, onlardan beşi xəbərdarlıq edildikdən sonra evə buraxılıb, saxlanılan 11 nəfərin işi isə Nərimanov rayon məhkəməsinə göndərilib.
Azərbaycanın təhsil naziri xarici və daxili qüvvələri Azərbaycandakı təhsil müəssisələrində hicabla bağlı vəziyyəti gərginləşdirməkdə günahlandırıb.
"Azərbaycanda təhsil qanunu var, hər təhsil müəssisəsinin daxili nizamnaməsi var və bu nizamnamədə nəzərdə tutulan qaydalara əməl olunmalıdır. Azərbaycan məktəblərində vahid məktəbli forması şərti qoyulub və bu şərtə əməl edilməlidir", - Muradova əlavə edib.
O, hesab edir ki, təhsil məsələlərində dövlət qurumlarının işə qarışmağa ixtiyarı var.
"Tədrisin təşkili, maddi-texniki imkanların yaradılması, təhsil proqramlarının qəbul edilməsi dövlətin üzərinə düşür. Belə olduğu təqdirdə, bütün məsələlərə bilavasitə dövlət qurumlarının qarışmağa ixtiyarı var. Biz cəmiyyətimizdə süni şəkildə yaradılmasına çalışılan bu kimi hallara qarşı mövqeyimizi sərt şəkildə ortaya qoymalıyıq", - Muradova vurğulayıb.