Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 31 qəzet və 8 informasiya agentliyinə birdəfəlik yardımlar edəcək.
KİVDF-nin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Müşahidə Şurasının iclasında KİV-lərin maddi-texniki durumunu araşdırmaq məqsədilə yaradılmış komissiyanın məruzəsi dinlənilib. Komissiyanın rəyini nəzərə alan Müşahidə Şurasının üzvləri Fondun 2010-cu il üzrə büdcəsindən ölkədə tirajı, ictimai rəyə təsiri və stabil dövriyyəsi ilə tanınan 31 qəzet və 8 informasiya agentliyinə, o cümlədən Trend İnformasiya Agentliyinə birdəfəlik yardımlar göstərilməsi barədə qərar qəbul edib.
Qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçün isə 2500 manat birdəfəlik yardımın edilməsi barədə qərar verilib.
Müşahidə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ili münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri də müzakirə edilib.
Bu məsələ ilə bağlı Müşahidə Şurası üzvlərinə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 18 istiqamət üzrə elan edilən müsabiqəyə ümumilikdə 74 jurnalist qatılıb. Hər istiqamət üzrə 3 yazının (2 nəfər respublika miqyaslı KİV redaksiyalarında çalışanlar üçün,1 nəfər isə region mətbuatında çalışan jurnalistlər üçün) qalib elan edilməsi nəzərdə tutulub.
Lakin region KİV-ində çalışan jurnalistlər tərəfindən cəmi 9 istiqamət üzrə yazı təqdim edilib.
Digər 9 istiqamət üzrə isə yazı təqdim edilməyib və bu yerlər boş qalıb.
Səfərli boş qalmış bu yerlərə həmin istiqamət üzrə 30-dan yuxarı bal toplamış jurnalistlərin qalib edilməsi məsələsini müzakirə etməyi təklif verib.
Bildirilib ki, müsabiqənin qalibləri sırasına qatılmaq üçün minimum keçid balı 30 bal müəyyən edilib.
Müşahidə Şurasının üzvləri verilən təklifi müzakirə edərək boş qalan yerlərə həmin istiqamətlər üzrə yüksək bal toplamış yazıların qaliblər sırasına daxil edilməsi barədə qərar qəbul ediblər. Beləliklə, 74 jurnalistin qatıldığı müsabiqədə 50 jurnalist qalib hesab edilib.
Qalan 4 yer isə həmin istiqamətlər üzrə yazı daxil olmadığından və ya yetərli bal toplanılmadığından boş qalıb. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul vəsaiti və Fondun diplomu təqdim olunacaq. Qaliblərin diplomları Fondun bu ilin 29 dekabr tarixində Gülüstan sarayında keçirəcəyi tədbirində təqdim ediləcək.