Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir M.Əliyev/
Futbol üzrə növbəti Azərbaycan çempionatında "Gəncə" komandasının heyətinə yeni oyunçular daxil ediləcək.
"Növbəti çempionatda "Gəncə"nin əsas heyətinə hazırda komandanın əvəzedici heyətinə daxil olan yeni oyunçular daxil ediləcək", - çərşənbə günü Trend-ə Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyev deyib.
"İstəmirik ki, klub legionerlərin sayəsində bir dəfə çempion olsun, onlar getdikdən sonra isə qələbə qazanmasın. Buna görə biz əvəzedici heyətdən daha çox yerli oyunçular cəlb etməliyik", - Fətiyev qeyd edib.
Onun sözlərinə görə, Gəncə Futbol Federasiyasının başlıca vəzifəsi uşaq futbolunun inkişaf etdirilməsidir. "Hazırda legionerlərin xidmətlərindən yararlanmağa məcburuq, lakin öz futbolçularımızı hazırlamalıyıq", - federasiya sədri qeyd edib.
O, vurğulayıb ki, gənc oyunçuların hazırlanması prioritet vəzifə kimi həm "Gəncə" klubu, həm də gələcəkdə yaradılacaq "Kəpəz" komandasının qarşısında qoyulacaq. "Gəncə futbolu sevənlərin şəhərdir, burada futbol həmişə olub", - Fətiyev bildirib. O, qeyd edib ki, oyunlarda ən çox azarkeş sayı məhz Gəncədə "Gəncə"nin "Xəzər Lənkəran"la oyununda - təxminən 18 minə yaxın - qeydə alınıb.
"Mehman Allaheverdiyevin rəhbərlik edəcəyi yeni "Kəpəz" klubuna müstəsna olaraq, yerli oyunçular daxil ediləcək. Bu isə Gəncə futbolunda rəqabət yaradacaq, idmanın bu növünün inkişafına gətirib çıxaracaq", - Fətiyev əlavə edib.
Fedrasiya sədrinin sözlərinə görə, "Kəpəz" qarşısında bütov komanda yaratmaq, bir ildən sonra yüksək liqada Gəncəni iki klubun təmsil etməsi üçün birinci liqada uğurla çıxış etmək vəzifəsi qoyulub.