Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm", - təbrikdə deyilir.
İlham Əliyev Azərbaycanda ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olan xalqlar və etnik azlıqların həmişə sülh və əmin-amanlıq içində yaşadığını, səmavi dinlərin əsrlər boyu qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərdiyini bildirib.
"Biz mütərəqqi milli-tarixi ənənələr üzərində bərqərar olmuş müasir cəmiyyətimizdə hökm sürən tolerantlığı, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini Azərbaycan dövlətçiliyinin misilsiz nailiyyəti kimi qiymətləndirir və haqlı olaraq bununla fəxr edirik. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə bundan sonra da daimi diqqət və qayğı göstəriləcəkdir.
İsa Peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin. Bayramınız mübarək olsun!" - təbrikdə bildirilir.