...

Azərbaycanda qanunvericiliyin tələblərini pozan telekanalların lisenziyasının müddəti uzadılmayacaq

Cəmiyyət Materials 19 Yanvar 2011 11:35 (UTC +04:00)
Lisenziyaların müddətinin uzadılması zamanı televiziyaların fəaliyyət dövründə televiziya və radio haqqında qanunvericiliyə necə əməl etmələri nəzərə alınacaq. Bu məsələr Şurada müzakirə olunacaq.
Azərbaycanda qanunvericiliyin tələblərini pozan telekanalların lisenziyasının müddəti uzadılmayacaq

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli Televiziya və Radio Şurası bəyan edib ki, qanunvericiliyin tələblərini pozan telekanalların lisenziyasının müddəti uzadılmayacaq.

"Lisenziyaların müddətinin uzadılması zamanı televiziyaların fəaliyyət dövründə televiziya və radio haqqında qanunvericiliyə necə əməl etmələri nəzərə alınacaq. Bu məsələr Şurada müzakirə olunacaq. Teleradio qanunvericiliyinə əməl edən, prosedur qaydalarını pozmayan şəxslərin lisenziyalarının müddəti avtomatik olaraq uzadılacaq. Amma Şura bu və ya digər formada qanunvericiliyin tələblərini pozan, prosedur qaydalarına əməl etməyən televiziya və radiolar barədə müvafiq qərar verəcək", - çərşənbə günü Trend-ə Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Şura sədri qeyd edib ki, prosedur qaydalarına uyğun olaraq, lisenziyaların vaxtının uzadılması üçün televiziyalar altı ay öncədən müraciət etməlidirlər.

Məhərrəmli bildirib ki, bəzi telekanallar xəbərlər proqramlarında sensasiya yaratmaq üçün insan cəsədləri göstərirlər, bu isə düzgün deyil.

"İnsan cəsədləri uzaqdan göstərilməlidir, mozaika ilə üzləri örtülməlidir. Dəhşətli şəkildə öldürülmüş şəxslərin cəsədləri göstərilməməlidir. Biz bununla bağlı müəyyən profilaktik işlər aparırıq. Söhbətlər nəticəsində onlar da tədricən belə halları aradan qaldırırlar", - Məhərrəmli deyib.

Şura sədrinin sözlərinə görə, lisenziyaların müddətinin uzadılması zamanı qeyd olunan məsələ də nəzərə alınacaq.

"Hər bir televiziya kanalının altı illik fəaliyyəti nəzərdən keçirilir. Altı illik fəaliyyət nəticəsində bütün qaydalara riayət edilərsə, heç bir problem olmayacaq. Tele-radio haqqında qanunvericiliyi pozanlara qarşı adekvat tədbirlər görüləcək", - Məhərrəmli vurğulayıb və deyib ki, hazırda bu məsələlərlə bağlı ciddi problem yoxdur.

Azərbaycann ərazisində teleradio yayımı ''Televiziya və radio yayımı haqqında'' qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Xüsusi razılıq (lisenziya) 6 il müddətinə verilir.

Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası kanalı var.

Xəbər lenti

Xəbər lenti