Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Məhkəmə Azərbaycan İslam Partiyasının həbsdə olan sədrini azad etmədi.
Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə partiya sədri Mövsüm Səmədovun apelyasiya şikayətinə baxılıb.
Məhkəmə apelyasiya şikayətini təmin etməyib və Nərimanov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Səmədov yanvarın 7-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə polisə müqavimət göstərməkdə təqsirli bilinərək 13 sutka müddətinə inzibati qaydada həbs olunub. Sabah inzibati həbsin müddəti başa çatır.
O, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Mövsüm Səmədovun əmisi oğlu Quba rayon sakini Dəyanət Səmədovun evinə və işlədiyi mağazaya baxış keçirilərkən döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar olunub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə başlanılmış cinayət işi üzrə Respublika Prokurorluğunda istintaq aparılır.
Yanvarın 11-də Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilib, Səmədovun mənzilindən silah-sursat aşkarlanıb.