...

Azərbaycanda daha yeddi bələdiyyənin fəaliyyətində korrupsiya faktları aşkarlanıb

Cəmiyyət Materials 4 Mart 2011 11:34 (UTC +04:00)
Azərbaycanda yeddi bələdiyyə ilə bağlı materiallar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.
Azərbaycanda daha yeddi bələdiyyənin fəaliyyətində korrupsiya faktları aşkarlanıb

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yeddi bələdiyyə ilə bağlı materiallar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə cümə günü Trend-ə bildirib ki, Bakının Sabunçu rayonunun Bakıxanov, Ramana, Şəmkirin Çənlibel, Salyanın Xıdırlı, Ağsunun Kalva, Şəkinin Turan, Daşkəsənin Quşçu bələdiyyələrinin məsul vəzifəli şəxslərinin hərəkətlərində korrupsiya faktları aşkarlanıb.

Səlimzadənin sözlərinə görə, Mərkəz tərəfindən həmin bələdiyyələrdə aparılan yoxlamalar nəticəsində bələdiyyələrin fəaliyyətində səhv qərarların qəbulu, qərarların gizlədilməsi, bələdiyyə mülkiyyətindən, əmlakından istifadədə, maliyyə mənbələrinin toplanması və xərclənməsi zamanı kobud qanun pozuntuları və korrupsiya faktları müəyyən edilib.

Mərkəz rəhbəri bildirib ki, qeydə alınan pozuntular cinayət xarakterli olduğundan həmin bələdiyyələrin məsul vəzifəli şəxslərinin hərəkətlərinə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi hüquqi qiymət verəcək.

Ötən il 27 bələdiyyənin fəaliyyətində korrupsiya hüquqpozmaları aşkar edilib, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib, habelə 481 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması barədə məhkəmələr qarşısında məsələ qaldırılıb.

Xəbər lenti

Xəbər lenti