...

Azərbaycanlı zabit Ramil Səfərovun macar dilindən tərcümə etdiyi kitabın təqdimatı keçirilib

Cəmiyyət Materials 9 Mart 2011 17:07 (UTC +04:00)
Ramil Səfərovun tərcümə etdiyi macar yazıçının kitabının təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, ictimai və elmi xadimlər itirak edib.
Azərbaycanlı zabit Ramil Səfərovun macar dilindən tərcümə etdiyi kitabın təqdimatı keçirilib

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir T.Hacıyev/

Ramil Səfərovun tərcümə etdiyi macar yazıçının kitabının təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, ictimai və elmi xadimlər itirak edib.

Tədbiri giriş sözü ilə kitabın redaktoru, ərəb filologiyası üzrə fəlsəfə doktoru Fazil Abbasov açıb. O qeyd edib ki, Azərbaycanın cəsarətli oğlu Ramil Səfərov xalqımıza növbəti dəfə bir xidmət göstərib.

"O, Azərbaycan tərcümə ədəbiyyatında yenilik edib və məşhur macar yazıçı Maqda Sabonun "Qapı" romanını orjinaldan birbaşa Azərbaycan dilinə tərcümə edib", - o deyib. İndiyə qədər Azərbaycan dilinə əsərlərin əksəriyyətinin rus dilindən tərcümə olduğunu deyən Abbasov əlavə edib ki, sovetlər dönəmində Azərbaycan dilinə birbaşa tərcüməyə icazə verilmirdi.

Tədqiqatçı Reyhan Mirzəzadə əsər haqqında tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, "Qapı" romanı psixoloji melodram kimi qələmə alınıb. Burada yazıçı macar qadınların silsilə obrazını yaradıb.

Ramil Səfərovun atası Sahib Səfərov bildirib ki, Ramili hərbçi olmağa məhz Qarabağ münaqişəsi məcbur edib.

"Qarabağ münaqişəsi olmasaydı, bəlkə də Ramil yaxşı bir nasir, həkim və ya müəllim kimi öz xalqına xidmət etmiş olardı", - o əlavə edib.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, kitab Azərbaycan və macar xalqlarının dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsi üçün mühüm bir töhfə sayıla bilər.

Maqda Sabo Macarıstanın tanınmış yazıçılarındandır. O, bir çox roman, oçerk, dram və şeirlərin müəllifidir.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. 2004-cü ilin yanvar ayında müdafiə nazirinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış Azərbaycan bayrağını və ordusunu təhqir etdiyinə görə Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti