Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan ombudsmanı ABŞ-ın ölkəmizdəki səfirini qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, müvəkkil Elmira Süleymanova ABŞ səfirliyi ilə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb və gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdirilib.
İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) ölkəmizdə uğurla icra edildiyi, bu planın təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikanın bütün rayonlarında ictimai dinləmələrin keçirildiyi diqqətə çatdırılıb.
Süleymanova ombudsmana həvalə edilmiş yeni vəzifələrin həyata keçirilməsi perspektivləri ilə bağlı jurnalistlərlə birgə müzakirələrin aparılacağını bildirib.
Səfir Metyu Brayza Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini, böyük təcrübəyə malik olduğunu, onunla qarşılıqlı fikir və məlumat mübadiləsi aparmaqda maraqlı olduğunu bildirib.
O, müvəkkilin fəaliyyətinin əsas istiqamətləri, həbsdə olan Eynulla Fətullayevin, həmçinin həbs olunmuş Bəxtiyar Hacıyevin hüquqlarının təmini vəziyyətinin monitorinqi istiqamətində ombudsmanın həyata keçirdiyi fəaliyyətlə maraqlanıb, onun sualları ətraflı cavablandırılıb.