...

Azərbaycan uşaqları BMT baş katibinin xüsusi nümayəndəsinə müraciət ediblər

Cəmiyyət Materials 15 Mart 2011 18:04 (UTC +04:00)
Azərbaycan uşaqları BMT baş katibinin uşaqlar və hərbi münaqişələr üzrə xüsusi nümayəndəsinə erməni snayperləri tərəfindən öldürülən azyaşlı uşaqla bağlı müraciət edib.
Azərbaycan uşaqları BMT baş katibinin xüsusi nümayəndəsinə müraciət ediblər

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan uşaqları BMT baş katibinin uşaqlar və hərbi münaqişələr üzrə xüsusi nümayəndəsinə erməni snayperləri tərəfindən öldürülən azyaşlı uşaqla bağlı müraciət edib.

Azərbaycan uşaqlarının adından müraciət edən Gənclər Sülh Şəbəkəsi xüsusi nümayəndə Radhika Kumarasvamini Azərbaycana səfər etməyə, sərhəd bölgələrində, məcburi köçkün yaşayış məntəqələrində yaşayan uşaqların vəziyyəti ilə tanış olmağa dəvət edib.

"Biz bu cür qəddarlığı, amansızlığı və vandalizmi qəbul edə bilmirik. Farizə atılmış güllə bütün Azərbaycan uşaqlarına atılan güllədir", - müraciətdə qeyd olunur.

"BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına əsasən bütün dövlətlər hər bir uşağın yaşamaq hüququnu təsdiqləyərək, sağ və sağlam inkişaf etmək imkanını təmin etməlidirlər. Artıq biz ömrümüz boyu görürük ki, Ermənistan tərəfindən nəinki bu Konvensiyanın müddəalarına əməl edilmir, həmçinin, işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azad edilməsi üzrə BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının qətnamələri, Avropa Şurası Parlament Assambleyasının tövsiyə və qətnamələri hələ də icra edilməmiş qalır. Bununla da Ermənistan dövləti beynəlxalq hüququn ümumtanınmış prinsiplərindən olan beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prinsipini pozmaqdadır", - müraciətdə vurğulanır.

Uşaqlar müraciətdə sülh istədiklərini, bütün dünyanı ölkəmizdə sülhün bərqərar olunmasına, üçdə birini uşaqların təşkil etdiyi bir milyon qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına kömək etməyə çağırırdıqlarını bəyan ediblər.

Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Xəbər lenti

Xəbər lenti