Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda bəzi QHT-lər qrant almaq xətrinə yaradılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirilən "QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli" adlı ilkin işçi sənədin təqdimatında çıxışı zamanı Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.
"QHT-lər qrantlara məqsəd yox, vasitə kimi baxmalıdırlar. Əsas məqsəd isə ictimaiyyətə xidmət göstərmək, ictimai məsələlərin həll olunmasına töhfə vermək olmalıdır", - Quliyev əlavə edib.
Onun sözlərinə görə, Şura tərəfindən keçirilən son qrant müsabiqəsində bu kimi hallara çox rast gəlinib.
Quliyev qeyd edib ki, Azərbaycan QHT-lərində keyfiyyət standartları və təşkilati məsələlərlə bağlı ciddi problemlər var.
"QHT-lər çalışmalıdırlar ki, minimum tələblərə cavab versinlər", - o, qeyd edib.
Quliyev bildirib ki, bu standartlar QHT-lər tərəfindən araşdırılıb öyrənilməlidir. Onun sözlərinə görə, birinci iki ildə bu standartlar könüllülük prinsipi əsasında olacaq.
"Gələcəkdə çalışacağıq ki, bu standartlara riayət edən QHT-lərə maliyyə ayıraq. Yaxın vaxtlarda Şura tərəfindən QHT-lər üçün standartların mənimsənilməsinə dair təlim də təşkil olunacaq", - o, deyib.