...

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə qanunvericiliyə dəyişklik etməyə ehtiyac var - Prezident Administrasiyası

Cəmiyyət Materials 16 Mart 2011 14:24 (UTC +04:00)
Azərbaycanda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı Cinayət Məcəlləsinə əlavə və dəyişkliklər edilməsinə ehtiyac var.
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə qanunvericiliyə dəyişklik etməyə ehtiyac var - Prezident Administrasiyası

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı Cinayət Məcəlləsinə əlavə və dəyişkliklər edilməsinə ehtiyac var. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2010-cu il fəaliyyətinin yekunları ilə bağlı çərşənbə günü keçirdiyi iclasında deyib.

Şöbə müdiri bildirib ki, bu sahə üzrə qanunvericilikdəki boşluqların aradan qaldırılması zəruridir.

Onun sözlərinə görə, Cinayət Məcəlləsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədilə prekursorların dövriyyəsinə görə, eləcə də, həmin əməlin külli miqdarda törədilməsinə görə məsuliyyət nəzərdə tutulmayıb.

"Tiryəkin heroinə çevrilməsi prosesində prekursorlardan istifadə olunur. Prekursorların miqdarı tiryəkin miqdarından 2 dəfə çox olmalıdır ki, o heroinə çevrilsin. Burada prekursorlarla da mübarizəni gücləndirməliyik. Prekursorların qanunsuz dövriyyəsinin qarşısının alınması narkobiznesə qarşı təsirli mübarizə vasitələrindən biridir. Əfsuslar olsun ki, Cinayət Məcəlləsində bununla bağlı məsuliyyət nəzərdə tutulmayıb", - PA rəsmisi vurğulayıb.

Ələsgərovun sözlərinə görə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən və ya zəhərli maddələrin cinayət məsuliyyəti yaradan miqdarı indiyənədək müəyyən olunmayıb.
O, bu miqdarın müəyyənləşdirilməsini vacib sayıb.

PA rəsmisi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin istintaqı və məhkəmə baxışı zamanı nöqsanların olduğunu qeyd edib.

Ələsgərov bildirib ki, hüquq-mühafizə orqanlarının narkotiklərlə mübarizədə əsas problemi narkotiklərin mənbəyinin müəyyən olunması ilə bağlıdır.

"Biz narkotikləri qanunsuz dövriyyədən çıxarırıq, ancaq mənbələr qalır. Mənbələr, narkotiklərin hansı ölkələrdən gətirildiyi bizə bəllidir. Mənbələr həmin ölkələrdədir. Onların burada müəyyən tərəfdaşları da mövcuddur. Əsas diqqətimizi dayaq nöqtələrinin aradan qaldırılmasına yönəltməliyik", - şöbə müdiri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti