...

Macarıstanda Azərbaycan dili dərsliyi nəşr olunub

Cəmiyyət Materials 18 Mart 2011 14:43 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə Kamal Abdulla və Mariya Keneşinin "Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili" kitabı çap olunub.
Macarıstanda Azərbaycan dili dərsliyi nəşr olunub

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə Kamal Abdulla və Mariya Keneşinin "Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili" kitabı çap olunub. Trend-in Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan dilini universitet səviyyəsində və müstəqil şəkildə öyrənənlərə kömək məqsədilə hazırlanmış kitaba ölkəmizin qədim və müasir tarixi, iqtisadiyyatı, mədəniyyəti, dövlətçilik institutları və Azərbaycan-Macarıstan əlaqələri haqqında məlumatlar da daxil edilib.

Kitabın ikinci müəllifi Mariya Keneşi Macarıstanın tanınmış türkoloqlarındandır. Azərbaycan dili və ədəbiyyatı sahəsində mütəxəssisdir. 1969-cu ildə indiki Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Budapeştdəki Eötvöş Lorand Universitetinin türkologiya kafedrasında çalışır.

Hazırda səfirliyin yardımı ilə onun müəllifi olduğu "Macarca-azərbaycanca danışıq kitabçası" da çap edilir. Son illər Macarıstanda ölkəmizə, dilimizə və mədəniyyətimizə marağın əhəmiyyətli dərəcədə artması bu cur əsərlərin çapını zərurətə çevirib. "Gəlin Azərbaycan dilində danışaq" kitabının elmi redaktoru dünya miqyasında tanınan macar türkoloqu, Macarıstan EA-nın həqiqi üzvü professor Georq Xazaidir.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba "Azərbaycan dilini öyrənməyə dəyər!" başlıqlı müqəddimə yazıb.

Yeni nəşrin ölkənin türkologiya mərkəzlərində yayılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti