...

Türkiyədə 31 mart soyqırımına həsr olunmuş konfrans keçiriləcək

Cəmiyyət Materials 28 Mart 2011 16:45 (UTC +04:00)
Türkiyədə 1918-ci il martın 31-də erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırıma həsr olunmuş konfrans keçiriləcək.
Türkiyədə 31 mart soyqırımına həsr olunmuş konfrans keçiriləcək

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Hacıyev/

Türkiyədə 1918-ci il martın 31-də erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırıma həsr olunmuş konfrans keçiriləcək. Trend-in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, konfrans martın 30-da Türkiyənin İqdır şəhərində Türkiyə Azərbaycan Dərnəyinin (TAD) təşkilatçılığı keçiriləcək. Tədbirin keçirilməsinə Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Tədqiqatlar Mərkəzi (TURKSAM), Türkiyə Dövlət İşçiləri Həmkarlar Təşkilatının İqdır şöbəsi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatı (ATXƏM) da dəstək göstərir.

"İqdır və bölgədə Azərbaycan türklərinə qarşı soyqırımlar və erməni iddiaları" mövzusunda konfransda TAD və TURKSAM rəhbəri Sinan Oğan, ATXƏM-in başçısı İlham İsmayılov, Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Azay Quliyev, Musa Qasımlı iştirak edərək, İqdırda və tarixi Azərbaycan torpaqlarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı haqqında məruzələrlərlə çıxış edəcəklər.

Konfrans zamanı millət vəkili Qənirə Paşayevanın Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilərin həyata keçirdiyi soyqırımdan bəhs edən "Ermənilərin törətdiyi soyqırım qurbanı: Bağanis Ayrım" kitabının təqdimatı keçiriləcək. Bundan əlavə, konfrans zamanı qısa sənədli film də nümayiş etdiriləcək.

Konfrans çərçivəsində Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı müraciət də səsləndiriləcək. Bundan başqa, ermənilərin İqdırda törətdikləri soyqırımın qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyulacaq.

Konfransda Azəbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və çoxlu sayda azərbaycanlı jurnalist iştirak edəcək.

Bakı Soveti və daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırım aktı həyata keçiriblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Xəbər lenti

Xəbər lenti