Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Sabah Bakıda hava küləkli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 8-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü gilavar küləyi əsəcək.
Aprelin 9-da gündüz təzyiqin qısa müddətdə xeyli yüksəlməsi ilə gilavar küləyi güclü xəzri küləyi ilə əvəz olunacaq.
Atmosfer təzyiqinin və küləyin belə təzadlı dəyişkənliyi meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar üçün əlverişsizdir.
Aprelin 8-də Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcəyədək isti təşkil edəcək.