...

Bakı şəhər yol polisi avtoxuliqanlara xəbərdarlıq edir

Cəmiyyət Materials 7 Aprel 2011 16:14 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtoxuliqanlara qarşı reydlərə başlayıb.
Bakı şəhər yol polisi avtoxuliqanlara xəbərdarlıq edir

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtoxuliqanlara qarşı reydlərə başlayıb.

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, aparılan reydlər zamanı 27 avtoxuliqan aşkar edilib və barələrində müvafiq tədbirlər görülməsi üçün məhkəmələrə müraciət olunub.

Əsədov deyib ki, avtoxuliqanlar günün qaranlıq vaxtlarında Bakının Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonları ərazisində 5 mərtəbə dairəsi, Zərifə Əliyeva parkının qarşısında - Mir Cəlal küçəsi, İnşaatçılar və Fəhlə prospektlərində müəyyən edilib.

Bu şəxslərin insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdığını deyən Əsədov avtoxuliqanlarla mübarizədə qanunun imkan verdiyi bütün tədbirlərin görüləcəyini vurğulayıb.

Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanuna edilən əlavə və dəyişikliklərdə qeyd olunur ki, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsinin təhlükəsizlik şərtlərinə əməl olunmaqla təqib olunmasına icazə verilir.

"Hətta həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda, məcburi dayandırma vasitələrindən istifadə oluna bilər. Son vaxtlar yol qəzalarının polisin günahı üzündən baş verdiyini iddia edirlər. Yanlış olaraq qəzaların polisin avtomobili təqib etməsi səbəbindən baş verdiyi barədə təbliğat aparılır. Yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmayan sürücünün təqib olunmasına qanun icazə verir və tərəfimizdən bu istiqamətdə bütün mümkün tədbirlər görüləcək", - bölmə rəisi vurğulayıb.

İnzibati Xətalar Məcəlləsinin 296-1-ci maddəsinin tələbinə görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla on günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir. Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti