...

Gürcüstanda Amirecebinin "Data Tutaşxia" əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib

Cəmiyyət Materials 11 Aprel 2011 17:48 (UTC +04:00)
Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzində görkəmli gürcü nasiri Cabua Amirecebinin "Data Tutaşxia" əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.
Gürcüstanda Amirecebinin "Data Tutaşxia" əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzində görkəmli gürcü nasiri Cabua Amirecebinin "Data Tutaşxia" əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov qonaqları salamladıqdan sonra "Data Tutaşxia" kimi sanballı bir əsərin Azərbaycan dilinə, həm də orijinaldan tərcümə olunmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, əsərin tərcüməsində, həm də orijinaldan tərcüməsində, kitabın ərsəyə gəlib çap olunmasında xüsusi əməyinə görə Emin Elsevərə, "Qafqaz evi"nin kollektivinə öz təşəkkürünü bildirib.

"Qafqaz evi"nin direktoru Naira Qelaşvili bu əsərin klassik gürcü ədəbiyyatında mövqeyindən və əsərin tərcüməsinin millətlərarası ədəbi-bədii inteqrasiya prosesindəki mühüm əhəmiyyətindən bəhs edib.

Mərasimdə Kvemo Kartli-Borçalı bölgə qubernatorunun müavini, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, "Meydan" jurnalının baş redaktoru Alxan Binnətoğlu, Reinteqrasiya Məsələləri üzrə Nazirliyin əməkdaşı Zahirə Musayeva, Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Xalləddin Yolçuyev, Gürcüstanın Azərbaycanlı Gəncləri İttifaqının sədri Leyla Məmmədova, "Ozan" Cəmiyyətinin sədri Kamil Kirəcli çıxış ediblər.

Tədbirin sonunda Gürcüstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə "Qafqaz evi"nə Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ xanəndələri" albom-toplusu, tərcüməçi Emin Elsevərə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin diplomu və hədiyyəsi təqdim olunub.

Xəbər lenti

Xəbər lenti