...

Azərbaycanda hərbi hazırlığın yüksəldilməsi üçün desant kursları açılacaq

Cəmiyyət Materials 25 Aprel 2011 12:57 (UTC +04:00)
Azərbaycanda yeniyetmələr üçün desant kursları açılacaq. Bu barədə bazar ertəsi Trend-ə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bildirib.
Azərbaycanda hərbi hazırlığın yüksəldilməsi üçün desant kursları açılacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda yeniyetmələr üçün desant kursları açılacaq. Bu barədə bazar ertəsi Trend-ə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bildirib.

Onun sözlərinə görə, desant kurslarında yeniyetmələrə bir neçə istiqamətdə - nəzəri hazırlıq, paraşütdən tullanma, əlbayaxa döyüş və silah atıcılığı - təlimlər keçiləcək.

Orucov hesab edir ki, paraşütdən tullanma ilə məşğul olacaq yeniyetmələrdə qorxu hissi tamamilə aradan qalxacaq.

"Paraşütdən tullanma elə bir psixoloji baryerdir ki, həmin baryeri keçə bilən gəncin nə döyüş zamanı, nə də digər vaxtlarda qorxu hissi olmur. Ona görə də biz paraşütdən tullanma təlimlərinə xüsusi önəm veririk", - o əlavə edib.

Orucov onu da bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayır və torpaqlarımızın 20 faizi işğal altındadır. Bu səbəbdən gənclərin həqiqi hərbi xidmətə getməzdən əvvəl bu cür hazırlıq keçməsi vacibdir.

Bundan əvvəl KHVTİC-in nəzdində snayper kursları fəaliyyətə başlayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti