...

Azərbaycan gənclər və idman naziri yunan tələbələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2011 13:08 (UTC +04:00)
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Yunanıstan universitetlərinin tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri ilə görüşüb.
Azərbaycan gənclər və idman naziri yunan tələbələrlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Yunanıstan universitetlərinin tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri ilə görüşüb.

Trend-in məlumatına görə, nazir yunan gənclərə Azərbaycanda idmanın inkişafı, bu sahədə əldə olunan uğurlar, idmançılarımızın beynəlxalq yarışlarda və olimpiya oyunlarındakı qələbələri barədə məlumat verib.

Nazir Avropa Şurasının idman nazirlərinin Bakıda keçirilən toplantısına toxunaraq bu toplantı çərçivəsində Yunanıstanın idman naziri ilə görüşü barədə məlumat verib. O, bu görüşün iki ölkənin müvafiq nazirlikləri arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb.

Rəhimov Azərbaycan dövlətinin gənclər siyasəti barədə qonaqlara geniş məlumat verərək bildirib ki, ölkə Prezidentinin sərəncamına əsasən, 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramı hazırlanır və proqramda gəncliyin inkişafını təmin etmək üçün ən ümdə vəzifələr öz əksini tapacaq.

Nazir "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse müsabiqəsinin Çin, Avstriya, Qazaxstan universitetlərinin tələbələri arasında keçirildiyini vurğulayıb və bildirib ki, qaliblərdən ilk olaraq yunan gənclər Azərbaycana səfər edib.

Görüşün sonunda müsabiqənin qalibləri mükafatlandırılıblar.

Gənclər və İdman Nazirliyi və Azərbaycanın Yunanıstandakı səfirliyi birgə olaraq Yunanıstan universitetlərinin tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse müsabiqəsi keçirib.

Müsabiqədə Yunanıstanın İndianapolis Universitetinin Afina filialının, Afina Universitetinin, İoannina Universitetinin və Salonikinin Aristotel Universitetinin tələbələri iştirak ediblər.

Yunanıstan nümayəndə heyətinə İnianapolis Uinversitetinin Afina filialının prezidenti Vasilis John Botopoulos və həmin universitetin akademik məsələlər üzrə prorektoru xanım Sousana Michailidou rəhbərlik edir.

Hazırda yunanıstanlı qaliblər Bakıdadırlar. Onlar bu müddət ərzində Xəzər Universiteti, Slavyan Universitetinin Yunanıstan kafedrasında da görüşdə olacaqlar.

Yunanıstanlı qonaqlar Azərbaycan tarixi ilə daha yaxından tanış olmaq məqsədi ilə Tarix muzeyi, İçərişəhər (Qız Qalası, Şirvanşahlar Sarayı), Qobustan qoruğu, Lətif Kərimov adına Dövlət Xalçaçılıq Muzeyi və Bakıda fəaliyyət göstərən sinaqoq, kilsə, məsciddə olacaqlar.

Gənclərin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmələri də nəzərdə tutulub.

Səfər çərçivəsində yunanıstanlı gənclər Azərbaycanın səfalı guşələri olan Quba və Qusar rayonlarına ekskursiya edəcəklər.

"Mən Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsi hazırda bir neçə olkədə də keçirilir. Misirdə təşkil edilmiş müsabiqənin qalibləri artıq bəllidir. Malaziya, Özbəkistan, Avstriya və Qazaxıstanda isə müsabiqələr davam edir. Müsabiqələrin may ayında yekunlaşacağı və qaliblərin yay aylarında Azərbaycana səfər edəcəkləri gözlənilir.

Bütün qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi plaketlər və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti