...

Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta verilən suyun paylanması ilə bağlı bəzi küçə və yollarda avtomobillərin hərəkətində problemlər yaranacaq

Cəmiyyət Materials 29 Aprel 2011 14:47 (UTC +04:00)
Oğuz-Qəbələ-Bakı kəməri ilə gələn suyun paytaxta paylanması məqsədilə görülən tədbilər bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə maneələr yaradacaq.
Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta verilən suyun paylanması ilə bağlı bəzi küçə və yollarda avtomobillərin hərəkətində problemlər yaranacaq

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Oğuz-Qəbələ-Bakı kəməri ilə gələn suyun paytaxta paylanması məqsədilə görülən tədbilər bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə maneələr yaradacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Bakı əhalisinin su təchizatının yaxşılaşdırılması məqsədilə Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta verilən suyun paylanması üçün şəhər ərazisində 25 yerdə birləşdirmə işlərinə start verilib.

Bu səbəbdən Mətbuat prospekti ilə Firudin Ağayev küçəsinin kəsişməsində, Şəfaət Mehdiyev küçəsi ilə Alatava su anbarı istiqamətində (Lider TV-nin qarşısındakı küçə), 3-cü mikrorayon dairəsindən Nəsimi metrosu istiqamətində (Zərifə Əliyeva parkının qarşısı), 8-ci km qəsəbəsi, Naxçıvanski və Köçərli küçələrində, Məhəmməd Hadi küçəsindən Ukrayna dairəsinə qədər, 20 yanvar dairəsi istiqamətindən Tiblisi prospekti ilə yolun sağ kənarı ilə Diaqnostika Mərkəzinin yanından Velotrekə qədər, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində (Cəfər Cabbarlı heykəlinin qarşısından Şəmsi Bədəlbəyli küçəsinədək) qazıntı işləri aparıldığından, yollar daralıb.

Əsədov deyib ki, yolların daralması avtomobillərin hərəkətində müəyyən problemlər yarada bilər.

"Bu səbəbdən sürücülərdən həmin küçə və yollarda hərəkət edərkən diqqətli olmaları, tıxacların yaranmaması üçün qaydalara riayət etmələri xahiş olunur", - bölmə rəisi bildirib.

Xəbər lenti

Xəbər lenti