...

Azərbaycanda cərimələri vaxtında ödəməyən sürücülər cəzalandırılacaqlar

Cəmiyyət Materials 12 May 2011 12:47 (UTC +04:00)
Azərbaycanda cərimələri vaxtında ödəməyən sürücülərə qarşı cəza tətbiq olunacaq.
Azərbaycanda cərimələri vaxtında ödəməyən sürücülər cəzalandırılacaqlar

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cərimələri vaxtında ödəməyən sürücülərə qarşı cəza tətbiq olunacaq.

Milli Məclisdən cümə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihələri parlamentin müzakirəsinə çıxarılacaq.

Təklifə görə, sürücü inzibati cərimə ilə bağlı qərarın qüvvəyə mindiyi gündən 30 iş günü müddətində cəriməni banka ödəməlidir.

Cərimə bu müddət ərzində ödənilməzsə, cərimənin ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu tətbiq olunur.

Sürücü müəyyən edilən cəriməni 2 ay müddətində ödəməzsə, məhkəmə və yaxud yol polisi həmin şəxsin avtomobilinin saxlanılması barədə qərar qəbul edir.

Nəqliyyat vasitəsi yol polisi tərəfindən saxlanılır, sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və nəqliyyat vasitəsi mühafizə olunan duracağa aparılır.

Şəxs cəriməni, dəbbə pulunu və avtomobilin duracağa gətirilməsi və orada saxlanılmasına görə haqqı ödədikdən dərhal sonra nəqliyyat vasitəsi sahibinə qaytarılır.

Şəxs cəriməni 3 ay müddətində ödəmədikdə isə daha sərt qaydada cəzalandırılır.

Belə ki, bu müddətdə cəriməni ödəməyən sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair qərar qəbul olunur.

Cərimə və dəbbə pulu ödənildikdən sonra, həmin şəxsin vəsatəti ilə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərara onu qəbul edən məhkəmə tərəfindən xitam verilir.

Yeni dəyişikliklərdə cəriməni 3 iş günü ərzində ödəyən sürücülərə güzəşt tətbiq olunması nəzərdə tutulur.

Belə ki, cəriməni 3 gün ərzində ödəyən sürücü cərimənin 10 faizinin ödənilməsindən azad olunur.

Xəbər lenti

Xəbər lenti