Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/
Bu gün saat 10:00-dək ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahalarında iştirak etmək üçün 43 782 nəfər sənəd verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) cümə günü Trend-ə verilən məlumata görə, onların 12 836 nəfəri I qrupa, 11 255-i II qrupa, 13 325-i III qrupa, 6 366-sı isə IV qrupa sənəd verib.
Mayın 22-də Bakıda və digər bölgə mərkəzlərində rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan keçiriləcək. İkinci imtahan isə iyunun 26-da Bakıda təşkil ediləcək.
Mayın 15-də respublikanın 25 şəhərində sınaq imtahanları keçiriləcək. Bu imtahanlarda 32 mindən çox abituriyentin iştirakı nəzərdə tutulur.
Mayın 18-də isə TQDK Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanları keçirəcək. Bu imtahanlarda iştirak etmək istəyən 454 nəfərin namizədliyi qeydə alınıb.
Mayın 21-də ədliyyə orqanlarında, 22-də isə vergi və miqrasiya orqanlarında işə qəbul olmaq istəyənlər üçün test imtahanları keçiriləcək.