Azərbaycan, Bakı, 13 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Bakı və Sumqayıt şəhərlərində məcburi köçkünlərin məskunlaşdığı 1210 evdən köçkün ailələrin köçürülməsinə başlanılıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
"Bu istiqamətdə işlərə başlanıb və artıq 20-dək ailə köçürülüb", - Həsənov bildirib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, yaxın iki-üç ay ərzində Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün 500 ev istismara veriləcək.
"Hazırda Goranboy rayonunda doqquz beşmərtəbəli binanın tikintisi gedir. Tikinti işləri bu il başa çatacaq. Həmin binalara hazırda Naftalan sanatoriyasında yaşayan məcburi köçkünlər yerləşdiriləcəklər. Beləliklə, Naftalan sanatoriyası tam boşaldılacaq. Yaxın günlərdə Mingəçevirdə 10 doqquzmərtəbəli binanın tikintisinə başlanacaq", - Baş nazirin müavini deyib.
Həsənovun sözlərinə görə, 1993-cü ildən bəri məcburi köçkünlərin işləri ilə bağlı ümumilikdə 3,7 milyard manat xərclənib.
Ermənilərin Azərbaycana təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.