Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları üçün "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun tətbiqi ilə bağlı seminar keçiriləcək.
Azərbaycan Hüquqşünasları Konfederasiyasından (AHK) Trend-ə verilən məlumata görə, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun tətbiqi prosesində hüquq-mühafizə orqanlarının rolu" adlı seminarda Daxili İşlər Nazirliyinin müxtəlif qurumlarını təmsil edən 31 əməkdaşı iştirak edəcək.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) birgə təşkil etdiyi seminarda Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının rəhbəri Əli Hüseynli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun baş müşaviri Fərid Babayev açılış nitqləri ilə çıxış edəcəklər.
Seminarda Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi, AHK İdarə Heyətinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Ceyhun Qaracayev "Məişət zorakılığına qarşı beynəlxalq standartlar və Azərbaycan Respublikasının hüquq sistemi", "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun tətbiqi ilə bağlı yaranan problemlər" adlı məruzələrlə çıxış edəcək.
Eyni zamanda, "Məişət zorakılığı ilə mübarizə sahəsində Azərbaycan hökumətinin siyasəti", "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun əsas müddəaları: məzmun və struktur" adlı mühazirələrlə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Taliyə İbrahimova çıxış edəcək.