Azərbaycan, Bakı, 19 may /Trend/
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Düsseldorfda keçirilən "Eurovision-2011" müsabiqəsində Eldar və Nigar duetini dəstəklədiyinə görə Rusiyaya minnətdardır. "Rusiya tərəfindən dəstək çox dəyərli idi", - Trend-in məlumatına görə, Qarayev Las-Veqasda İTAR-TASS agentliyinə müsahibəsində bildirib. O, Las-Veqasda (Nevada ştatı) keçirilən Ümumdünya Səyahət və Turizm Şurasının (ÜSTŞ) 11-ci sammitinin işində iştirak edir.
Eldar və Nigar 42 ölkədən rəqibləri arxada qoyaraq və final səsverməsində 221 bal toplayaraq "Eurovision" tarixində ilk dəfə olaraq Azərbaycana qələbə gətiriblər.
Nazir Düsseldorfda səsvermə zamanı və səsverməyə yekun vurulduqdan sonra Rusiyadan dəstək ifadə edən və milli duetin uğurları ilə bağlı təbrik edən çoxlu sayda zənglər aldığını gizlətməyib. "Rusiya azərbaycanlı ifaçıları öz səsləri ilə dəstəklədi. Hesab edirəm ki, bu, qanunauyğundur, axı mədəniyyətlərimiz çox yaxındır", - Qarayev qeyd edib.
Müsabiqədə Ell (Eldar Qasımov) və Nikki (Nigar Camal) birinci, italiyalı müğənni Rafael Qualatsi ikinci (189 balla), İsveçdən olan Erik Saad (185 bal) isə üçüncü yerə layiq görülüb. Rusiyanın televiziya tamaşaçıları Azərbaycandan (12 bal), Ukraynadan (10 bal) və Yunanıstandan (8 bal) olan ifaçılara üstünlük veriblər.