...

Azərbaycanda "Eurovision-2012" müsabiqəsinin keçirilməsi üçün təxmini yerlər müəyyənləşdirilib

Cəmiyyət Materials 19 May 2011 13:00 (UTC +04:00)
Azərbaycanda "Eurovision-2012" müsabiqəsinin keçirilməsi üçün təxmini yerlər müəyyənləşdirilib.
Azərbaycanda "Eurovision-2012" müsabiqəsinin keçirilməsi üçün təxmini yerlər müəyyənləşdirilib

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda "Eurovision-2012" müsabiqəsinin keçirilməsi üçün təxmini yerlər müəyyənləşdirilib.

"Eurovision-2012" müsabiqəsinin keçirilməsi ilə bağlı 3 variant müzakirə edilir. İlk növbədə müsabiqənin Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilməsi nəzərdən keçirilir. Orada təmir işləri aparılıb, 7800 oturacağı var, parterdə 1000-ə yaxın oturacaq artırmaq olar. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.

Rəhimov bildirib ki, müsabiqəni Tofiq Bəhramov adına Respublika Stadionunda da keçirmək olar.

"Stadionun üstünü bağlamaqla və müəyyən təmir işləri aparmaqla burada da müsabiqə keçirilməsi mümkündür", - nazir deyib.

Onun sözlərinə görə, ən əsas və ən maraqlı layihə odur ki, Bakının hər hansı gözəl yerində, Dənizkənarı Parkda, Bayraq Meydanında yeni böyük konsert kompleksi tikilsin.

"Əgər modul sistemlə tikilsə, bu kompleksin tikintisini müsabiqəyə qədər başa çatdırmaq olar", - Rəhimov əlavə edib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision-2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

Xəbər lenti

Xəbər lenti