...

Rezidenturaya qəbul imtahanlarında iştirak üçün yaş məhdudiyyəti qoyulmayacaq - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 3 İyun 2011 16:58 (UTC +04:00)
2011-ci il üçün rezidenturaya həkim ixtisasları üzrə qəbul planı təsdiq olunub. Bu barədə cümə günü Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Rezidenturaya qəbul imtahanlarında iştirak üçün yaş məhdudiyyəti qoyulmayacaq - Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

2011-ci il üçün rezidenturaya həkim ixtisasları üzrə qəbul planı təsdiq olunub. Bu barədə cümə günü Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Səhiyyə Nazirliyində rezidentura təhsilinin təşkili ilə bağlı keçirilən Kollegiya iclasında Aparat rəhbəri Zəkiyyə Mustafayeva bildirib ki, plana əsasən, 2011-2012-ci illərdə müxtəlif sahələr üzrə qəbul olunacaq rezidentlərin sayı 300 nəfər müəyyən edilib.

Bu il qəbul olunan rezidentlərin ödənişsiz əsaslarla təhsil alması nəzərdə tutulub.

Rezidenturaya qəbul olmaqdan imtina edən və rezidentura imtahanlarından uğursuz keçən həkimlər Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələri üzrə işləyə bilərlər.

Rezidenturaya qəbul olan həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Rezidenturaya qəbul müəyyən olunmuş qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Rezidenturaya qəbul imtahanlarında iştirak üçün yaş məhdudiyyəti qoyulmur. Bu imtahanlarda həm 2011-ci ilin məzunları, həm də həkimlər iştirak edə bilər.

Rezidentura təhsili 2009-cu ilin iyununda qəbul edilmiş "Təhsil haqqında" qanunda nəzərdə tutulub. 2010-cu il martın 18-də isə Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"nı təsdiq edib.

Xəbər lenti

Xəbər lenti