...

Bakının 50-ə yaxın müəllimi riyaziyyat fənni üzrə keçirilən imtahanda zəif nəticə göstərib

Cəmiyyət Materials 13 İyun 2011 12:11 (UTC +04:00)
Bakının orta məktəblərinin IV-V siniflərində oxuyan şagirdlər və ibtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə keçirilən imtahanda 50-ə yaxın müəllim zəif nəticə göstərib.
Bakının 50-ə yaxın müəllimi riyaziyyat fənni üzrə keçirilən imtahanda zəif nəticə göstərib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bakının orta məktəblərinin IV-V siniflərində oxuyan şagirdlər və ibtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə keçirilən imtahanda 50-ə yaxın müəllim zəif nəticə göstərib. Bunu Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.

O bildirib ki, həmin müəllimlər Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təkmilləşdirmə kurslarına göndəriləcəklər.

"Ötən illə müqayisədə imtahan nəticələri arasında fərq elə böyük olmasa da, müəyyən uğurlar müşahidə edilib. Əlbəttə, həm müəllimlərin, həm də şagirdlərin cavabında müəyyən neqativ hallar da oldu. İmtahan nəticələrinin müzakirəsi zamanı test sualları arasında məntiqlə bağlı sualların müzakirəsi xüsusi yer aldı. Bu məsələdə müəyyən qədər problemlərimizin qaldığını müşahidə etdik. Belə qərar verildi ki, şagirdlərin məntiqi təfəkkürünün inkişafı istiqamətində işlər daha da gücləndirilsin", - Əliqızı deyib.

Aprelin 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bütün orta məktəblərin IV - V siniflərində oxuyan şagirdlər və ibtidai sinif müəllimləri riyaziyyat fənnindən imtahan veriblər. Test yoxlamasının keçirilməsində məqsəd şagirdlərin və müəllimlərin riyaziyyat fənni üzrə bilik səviyyələrini müəyyən etmək olub.

İmtahanda 58 minə yaxın şagird və 1200-ə yaxın müəllim iştirak edib. Test sualları BŞTİ mütəxəssisləri tərəfindən hazırlanıb. Suallar orta səviyyədə müəyyənləşdirilib.
İmtahanda eyni suallara həm müəllimlər, həm də şagirdlər cavab veriblər.

Xəbər lenti

Xəbər lenti