...

Azərbaycan Müdafiə Nazirliyinin hərbi hospitalının vəzifəli şəxsləri barədə cinayət işi açılıb

Cəmiyyət Materials 17 İyun 2011 13:40 (UTC +04:00)
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə Trend-ə bildirib ki, hospitaldan qanunsuz olaraq işdən çıxarılmış bir qrup şəxs ona müraciət edərək hospitalın rəisi Rəna Hacıyevanın qanunsuz hərəkətlərindən şikayət ediblər.
Azərbaycan Müdafiə Nazirliyinin hərbi hospitalının vəzifəli şəxsləri barədə cinayət işi açılıb

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyinin Bayılda yerləşən hərbi hospitalının vəzifəli şəxsləri barədə cinayət işi açılıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə Trend-ə bildirib ki, hospitaldan qanunsuz olaraq işdən çıxarılmış bir qrup şəxs ona müraciət edərək hospitalın rəisi Rəna Hacıyevanın qanunsuz hərəkətlərindən şikayət ediblər.

Deputatın sözlərinə görə, Hacıyeva hospitala rəis təyin olunandan sonra 20 nəfərdən artıq peşəkar hərbi həkim və texniki işçini əsassız olaraq işdən azad edib, digər qanunsuz hərəkətlərə yol verib.

Bu şikayətlə əlaqədar Respublika hərbi prokuroruna müraciət etdiyini deyən Qənizadə qeyd edib ki, bir necə gün əvvəl Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mahir Əliyevin imzası ilə şikayətçilərə cavab məktubu göndərilib.

Məktubda hərbi hospitalın vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə
(341.1-ci) maddəsi ilə iş başlanması və istintaq aparılması üçün Bakı Hərbi Prokurorluğuna göndərilməsi barədə məlumat verilib.

Qənizadə hesab edir ki, obyektiv istintaq aparılacağı halda korrupsiya və rüşvətlə bağlı kifayət qədər fakt ortaya çıxacaq.

Millət vəkili əsassız olaraq işdən azad olunan şəxslərin hüquqlarının bərpa ediləcəyinə və qeydə alınan qanunsuzluqlara hüquqi qiymət veriləcəyinə ümidvar olduğunu deyib.

Faktla bağlı Azərbaycan Müdafiə Nazirliyi hər hansı məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti