Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İsabalayeva/
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin www.ushaqlar.az saytı fəaliyyətə başlayıb.
Dövlət Komitəsinin "Valideyn və mütəxəssislər üçün uşaq inkişafı üzrə tövsiyələr" kitabı da oxucuların istifadəsinə verilib. Trend-in məlumatına görə, bununla bağlı çərşənbə günü keçirilən tədbirdə çıxış edən Komitə sədri Hicran Hüseynova bildirib ki, saytın hazırlanmasında məqsəd valideyn və uşaqları faydalı informasiyalarla təmin etməkdir.
"Valideyn və mütəxəssislər üçün uşaq inkişafı üzrə tövsiyələr" kitabının məqsədi isə valideynləri, himayədarları, qəyyumları, həmçinin uşaqlara xidmət göstərən müxtəlif peşə sahiblərini uşaq inkişafı mərhələləri və fizioloji böyümə prosesi haqqında maarifləndirməkdir.
Hüseynovanın sözlərinə görə, Azərbaycan 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına, 2002-ci ildə konvensiyanın 2 əlavə protokoluna qoşulub. Ötən müddətdə BMT-nin müvafiq komitəsinə konvensiyanın icrası ilə bağlı Azərbaycan hökumətinin 3 dövrü hesabatı təqdim olunub. Hazırda IV hesabatın təqdim olunması istiqamətində iş aparılır. Gələn ilin əvvəlində BMT-nin müvafiq komitəsində IV dövrü hesabatla bağlı dinlənmələr keçiriləcək.