...

Gələcəkdə Azərbaycanda avtomobilləri idarəetmə hüququ verən etibarnamələr ləğv oluna bilər

Cəmiyyət Materials 30 İyun 2011 16:11 (UTC +04:00)
Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququ verən etibarnamələrin ləğvi məsələsi aktual deyil.
Gələcəkdə Azərbaycanda avtomobilləri idarəetmə hüququ verən etibarnamələr ləğv oluna bilər

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququ verən etibarnamələrin ləğvi məsələsi aktual deyil.

Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi Mehman Soltanov Trend-ə bildirib ki, indiki zamanda bu tip etibarnamələrin ləğvi vətəndaşların mülkiyyət hüququnun pozulmasına, həmçinin etibarnaməsiz idarəetmə zamanı yol-nəqliyyat hadisələri baş verərkən məsuliyyətin əsl səbəbkarın deyil, mülkiyyətçinin üzərinə düşməsinə səbəb olacaq.

İdarə rəisi hesab edir ki, həmin etibarnamələrin ləğvi yalnız yol patrul xidməti avtomobillərinin nəqliyyat vasitələri və onların sahibləri barədə qeydiyyatı aparılan rəsmi reyestrlə birbaşa əlaqə imkanı yaradıldıqdan sonra mümkün ola bilər.

"Həmin reyestrə nəqliyyat vasitələrinin qaçırılması barədə məlumat daxil olduqda bu məlumat dərhal respublika üzrə bütün yol patrul xidməti avtomobillərinə ötürülməlidir. Əgər nəqliyyat vasitəsinin qaçırılması barədə reyestrdə heç bir qeydiyyat yoxdursa, bu halda mülkiyyətçi öz avtomobilini sürücülük vəsiqəsi olan digər şəxsə idarəetməyə verə bilər. Bu təcrübə bir çox inkişaf etmiş ölkələrdə istifadə olunur", - Soltanov deyib.

Nazirlik rəsmisi hesab edir ki, müasir informasiya və kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunaraq gələcəkdə bu sistemin yaradılması və tətbiqindən sonra nəqliyyat vasitələrini idarəetmə hüququ verən etibarnamələrin notarial qaydada təsdiqinə zərurət olmayacaq.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə müsahibəsində Azərbaycanda etibarnamələrdən imtina olunmasını yaxın gələcək üçün qeyri-mümkün hesab etdiyini bildirib.

Onun sözlərinə görə, polisin avtomobil, onun sahibi barədə operativ məlumat almaq imkanı olmaya bilər.

"Rusiya vaxtı ilə bu sistemi ləğv etməklə müəyyən problemlərlə qarşılaşdı. Ölkədə oğurlanmış, qaçırılmış avtomobillərin sayı artdı. Bu səbəbdən də məcbur olub yenidən əvvəli sistemə qayıtdı", - Əliyev deyib.

Etibarnamə institutunun tətbiqinin vətəndaşları bir sıra problemlərdən sığortaladığını deyən şöbə rəisi bildirib ki, avtomobil sahibi avtomobilinin qaçırılması, oğurlanması barədə bir müddət məlumatsız ola bilər. Etibarnamə institutunun ləğvi bu halda həmin avtomobilin tapılması üçün müəyyən əngəllər yarada bilər.

Qazaxıstan parlamentində nəqliyyat vasitələrini idarəetmə hüququ verən etibarnamələrin ləğv olunması ilə bağlı təklif səslənib.

Bu sistemin ləğvinin tərəfdarı olan millət vəkilləri hesab edir ki, etibarnamələrin verilməsi proseduru vətəndaşlar və hüquqi şəxslər üçün inzibati maneələr yaradır.

Həmçinin notarial qaydada təsdiq edilən sənədlərin sayının azaldılması vətəndaşların da işini asanlaşdıracaq.

Bu fikrin sahibləri hesab edir ki, nəqliyyat vasitəsini idarə etmək üçün texniki pasport və sürücülük vəsiqəsinin olması kifayətdir.

Polis o zaman müdaxilə edə bilər ki, yol nəqliyyat hadisəsi baş verir və ya avtomobilin qaçırılması və oğurlanması barədə məlumat daxil olur.

Polşada, Türkiyədə və Belarusda artıq bu sistem ləğv olunub.

Xəbər lenti

Xəbər lenti