...

Benilüks Azərbaycanlıları Konqresinin III qurultayının vaxtı müəyyənləşib

Cəmiyyət Materials 1 İyul 2011 12:17 (UTC +04:00)
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III qurultayı sentyabrın sonlarında keçiriləcək. Bunu Trend-ə BAK-ın fəxri prezidenti Sahil Qasımov bildirib.
Benilüks Azərbaycanlıları Konqresinin III qurultayının vaxtı müəyyənləşib

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir M.Əliyev/

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III qurultayı sentyabrın sonlarında keçiriləcək. Bunu Trend-ə BAK-ın fəxri prezidenti Sahil Qasımov bildirib.

Onun sözlərinə görə, qurultaya Azərbaycan Respublikası və Niderland Krallığının rəsmiləri, hər iki ölkənin parlament üzvləri və dostluq qrupunun nümayəndələri, Avropada fəaliyyət göstərən GUAM ölkələri diaspor təşkilatları, dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor nümayəndələri, Avropada fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, mətbuat, incəsənət ustaları dəvət olunacaqlar.

Qasımov həmçinin qeyd edib ki, 2011-ci ilin noyabrında BAK-ın 5 illik yubileyi geniş şəkildə qeyd olunacaq.

"Ötən 5 il ərzində BAK-ın əsas nailiyyətlərindən biri odur ki, artıq azərbaycanlılar bu ölkələrdə etnik qrup kimi tanınır və qəbul edilir. Bu ölkələrin rəsmi dairələri azərbaycanlıları etnik qrup kimi tanıyır, bu icmanın nümayəndələri ilə sıx-sıx görüşürlər", - BAK-ın fəxri prezidenti bildirib.

O qeyd edib ki, BAK yarandığı gündən etibarən Azərbaycan həqiqətlərini Avropada yayır, Dağlıq Qarabağ münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətini məlumatlandırır və erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparır.

"BAK-ın 5 illik fəaliyyəti ərzində erməni diasporu üzərində onlarla qələbələrimiz mövcuddur. Buna misal olaraq Suzan Krugerin çəkdiyi "Umid axırıncı ölür" filminin satışa buraxılmaması, erməni rejissor Hovanesyanın "Hərb və sülh insanlarının aqibəti" filminin Rotterdam IDFA film festivalından çıxarılması, Utrext Turizm Sərgisində ermənilərin stendlərindən dəfələrlə Qarabağa aid materialların çıxarılması, "Archax Fruit" adı altında Niderlandda satılan qida maddələrinin ifşa edilməsi və bu qida maddələrini idxal edən şirkət haqqında lazımı instansiyalara məlumat verilməsi, Brüsseldə Avropa Parlamenti qarşısında Xocalı soyqırımı ilə əlaqədar olaraq nümayişlərin keçirilməsi, Rotterdam şəhərində küçələrdən birinə yenidən Bakı adının verilməsini göstərmək olar", - Qasımov bildirib.

Xəbər lenti

Xəbər lenti