...

Azərbaycanda ənənəvi mediadan yeni mediaya keçid məsələləri müzakirə olunub

Cəmiyyət Materials 4 İyul 2011 13:51 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) bazar ertəsi "Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid" mövzusunda "dəyirmi masa" keçirilib.
Azərbaycanda ənənəvi mediadan yeni mediaya keçid məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) bazar ertəsi "Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev tədbirdə bildirib ki, hazırda yeni media köhnə media ilə mübarizə aparır. Onun sözlərinə görə, yeni medianın iqtisadi problemləri var və media məkanı iqtisadi qanunlarla tənzimlənmir.

Əliquliyev bu sahədə kadr probleminin olduğunu da vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə çıxışında bildirib ki, artıq Azərbaycanda yeni media cəmiyyət tərəfindən qəbul olunur. "İnsanların 50 faizinin internetə çıxışı olduğunu, "Facebook"dan yarım milyona yaxın adamın istifadə etdiyini, iki minədək bloqun mövcudluğu bunu deməyə əsas verir", - Amaşov qeyd edib.

"Dəyirmi masa"da media rəhbərləri, ekspertlər və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanda ilk dəfə olaraq canlı "Twitter" konfrans formatında təşkil olunub. Tədbir müddətində ənənəvi və yeni media sahəsində çalışan təcrübəli ekspertlərin, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin fikirləri onlayn formada SAM-ın Twitter səhifəsində (istifadəçi adı - SAM_Baku) Azərbaycan və İngilis dillərində yerləşdirilib.

"Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid" mövzusunda "dəyirmi masa"nın keçirilməsində əsas məqsəd ənənəvi mediadan yeni mediaya keçidin Azərbaycana nə qazandıracağını müəyyən etmək olub. "Dəyirmi masa"da Azərbaycanda yeni medianın mövqeyi, onu ənənəvi mediadan fərqləndirən cəhətlər, Azərbaycanda medianın transformasiyasının ənənəvi media vasitələri üçün yaratdığı risklər, onun KİV təmsilçiləri və informasiya auditoriyası üçün müsbət və mənfi tərəfləri, Azərbaycanda yeni medianın səviyyəsi və prioritetləri, yeni media və milli təhlükəsizlik, yeni mediaya ictimai nəzarət mexanizmləri, Azərbaycanın dövlətçilik maraqlarının qorunmasında yeni media "yeni vasitə" kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti