Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın ali məktəblərində magistratura səviyyəsi üzrə boş qalan plan yerləri ilə bağlı yenidən qəbul aparılacaq. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, vakant yerlər üzrə qəbulun avqust ayı ərzində aparılması planlaşdırılır. Abbaszadə bildirib ki, vakant yerlərin siyahısı magistraturaya daxil olan bakalavrların daxil olduqları ali məktəblərdə qeydiyyat müddəti bitdikdən sonra dəqiq məlum olacaq.
"Magistraturaya qəbul olanlar iyulun 15-dək daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçməlidirlər. Əgər bakalavrlar qeydiyyatdan keçməsələr, onda həmin yerlər qalan vakant yerlərlə birgə yenidən qəbul üçün elan ediləcək. Buna görə də onların iyulun 15-dək ali məktəblərdə qeydiyyatdan keçmələri çox vacibdir", - Abbaszadə deyib.