...

Azərbaycanda ali və orta ixtisas məktəblərinin fəaliyyətinin yeni meyarlarla qiymətləndirilməsinə başlanıb

Cəmiyyət Materials 14 İyul 2011 11:41 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkədəki ali və orta ixtisas məktəblərinin dövlət akkreditasiyasını yeni meyarlarla həyata keçirməyə başlayıb.
Azərbaycanda ali və orta ixtisas məktəblərinin fəaliyyətinin yeni meyarlarla qiymətləndirilməsinə başlanıb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkədəki ali və orta ixtisas məktəblərinin dövlət akkreditasiyasını yeni meyarlarla həyata keçirməyə başlayıb. Nazirliyin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev Trend-ə bildirib ki, Nazirlər Kabineti 2010-cu il sentyabrın 28-də təhsil müəssisələrinin akkreditasiya qaydalarını təsdiqləyib. Nazirlik isə akkreditasiyanın dövlət standartlarına uyğunluğu ilə bağlı meyarlar hazırlayıb.

Şöbə müdirinin sözlərinə görə, əvvəllər akkreditasiya nəticəsində məktəblərin fəaliyyəti ümumi meyarlar əsasında qiymətləndirilir, yalnız təhsilin keyfiyyətinin yaxşı və ya pis olduğu müəyyənləşdirilirdi. İndi isə məktəblərin fəaliyyəti daha konkret şəkildə qiymətləndirilir.

"İndi məktəblərin fəaliyyəti konkret rəqəmlərlə qiymətləndirilir. Məktəblərin qiymətləndirilməsi üçün 100 bal müəyyənləşdirilib. Əgər məktəbin balı 61-i keçmirsə, onda bu müəssisənin verdiyi təhsilin keyfiyyəti standartlara uyğun deyil. Belə müəssisələrin fəaliyyətinin dayandırılması təklif olunur. 61-dən 80-ə qədər bal toplayan müəssisənin fəaliyyəti "kafi", 81-dən 100-ə qədər bal toplayan müəssisənin fəaliyyəti "yaxşı" qiymətləndirilir. Hesab edirik ki, bizim müəssisələrimiz hələ "əla" qiymətə hazır deyillər", - nazirlik rəsmisi deyib.

Zərbəliyev əlavə edib ki, akkreditasiya prosesində məktəblərin bütün nöqsanları müəyyənləşdirilir. Nöqsanlar yazılı formada müəssisələrə təqdim olunur və onlara bu nöqsanları aradan qaldırmaq tövsiyə olunur.

"Akkreditasiyadan sonra müəssisələrə 5 il müddətinə vəsiqə veririk. Müəssisə də həmin akkreditasiyadan sonra 5 illik tədbirlər planı hazırlayır və göstərilən nöqsanların aradan qaldırılmasına dair bizə hər il məlumat verir. Növbəti akkreditasiyaya qədər bu nöqsanlar aradan qaldırılmalıdır", - Zərbəliyev qeyd edib.

Onun sözlərinə görə, hələlik indiyədək akkreditasiyadan keçməyən təhsil müəssisələri olmayıb. Amma bəzi məktəblərdə müəyyən ixtisasların akkreditasiyadan keçmədiyi hallar qeydə alınıb.

"Məsələn, ötən tədris ilində Neft Akademiyasının 4 ixtisasının fəaliyyətini dayandırdıq. Həmin ixtisaslara artıq qəbul aparılmır. Həmin ixtisasların 2-si bakalavriat, 2-i isə magistratura səviyyəsində idi. Onların hərəsindən biri iqtisadiyyat, biri də neft sahəsinə aid ixtisaslar idi. Bunun hazırda həmin ixtisaslar üzrə oxuyan tələbələrə heç bir aidiyyəti yoxdur. Onlar təhsillərini başa vuracaqlar, amma növbəti illər üçün qeyd edilən ixtisaslara qəbulun aparılmasına icazə verilmir", - Zəhbəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti