...

"Dinamo" Zaqreblə təkrar oyunda qol şanslarımızı dəyərləndirməliyik- "Neftçi"nin baş məşqçisi (FOTO)

Cəmiyyət Materials 16 İyul 2011 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend, müxbir M.Əliyev/

Xorvatiyanın "Dinamo" Zaqreb komandası ilə Bakıda keçiriləcək təkrar oyunda qol şanslarımızı dəyərləndirməliyik. Bu barədə Trend Beynəlxalq İnformasiya Mərkəzində təşkil olunan mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Arif Əsədov jurnalistlərə bildirib.

O, ilk oyunda dörd dəfə qol vurmaq üçün real şansların olmasına baxmayaraq, onlardan istifadə olunmadığını qeyd edib.

"Birinci oyunda zədəli futbolçuluramızla bağlı problemlərimiz var idi. Evdə tamam başqa oyun nümayiş etdirmək niyyətindəyik", - Əsədov vurğulayıb.

Baş məşqçi ilk oyunun hesabının oyun tərzinə uyğun 0lmadığını və qolların "Neftçi" futbolçularının fərdi səhvlərinə görə buraxıldığını bildirib.

Avropa Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 13-də keçirilən ilk görüşdə "Dinamo" Zaqreb "Neftci"ni 3-0 hesabı ilə məğlub edib.

Əsədov qeyd edib ki, dünən klubun yığıncağı olub və növbəti oyunla əlaqədar ciddi müzakirələr aparılıb. "Dinamo" Zaqreblə təkrar oyun ərəfəsində bütün klubun futbolçularına ciddi tapşırıqlar verilib", - baş məşqçi bildirib.

Əsədov bildirib ki, əsas məqsədin Avrokubok oyunlarında yüksək səviyyədə çıxış etmək olmasını klub legionerlərinin nəzərinə çatdırıb. "Bir vaxt 17 legionerin "Neftçi"nin heyətindən uzaqlaşdırılması onların məsuliyyətsizliyi ilə əlaqədar olub. "Dinamo" Zaqreblə keçirilən birinci oyunda iştirak edən legionerlərin məsuliyyətsizliyi müşahidə olunmurdu", - Əsədov qeyd edib.

"Neftçi"nin futbolçusu Cavid Hüseynov mətbuat konfransında bildirib ki, komanda azarkeşlərin dəstəyinə arxalanaraq qalib gəlmək üçün əlindən gələni edəcək. "Qol vurmaq üçün Zaqrebdəki kimi, Bakıda da imkanlar olsa və onları maksimum reallaşdırsaq, dörd qol da vura bilərik", - Hüseynov deyib.

Komandanın digər futbolçusu, makedoniyalı legioner Slavço Georgiyevski Xorvatiya paytaxtında "Dinamo" ilə elə də pis oyun nümayiş etdirmədiklərini, lakin üç qol buraxdıqlarını qeyd edib. "Bir çoxlarının gözlədiyinin əksinə olaraq, biz Xorvatiyada müdafiə oyunu göstərmədik və Bakıda da öz oyunumuzu göstərəcəyik", - Georgiyevski deyib.

Xəbər lenti

Xəbər lenti