...

Azərbaycanın minatəmizləmə agentliyinin yaranmasının 13 ili tamam olur

Cəmiyyət Materials 18 İyul 2011 10:46 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 13 illiyi tamam olur.
Azərbaycanın minatəmizləmə agentliyinin yaranmasının 13 ili tamam olur

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 13 illiyi tamam olur. ANAMA-nın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, agentlik 1998-ci il iyulun 18-də Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən yaradılıb.

ANAMA-nın yaradılması Azərbaycanda mina və partlamamış hərbi sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ANAMA arxada qalan illər ərzində beynəlxalq ekspertllərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olub. Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir.

ANAMA-nın mina təhlükəsinə dair maarifləndirmə (MTM) və minadan zərərçəkənlərə yardım sahələrində də kifayət qədər təcrübəsi var və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.

MTM-lə bağlı fəaliyyət əsasən 3 istiqamətdə aparılır - məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması və əhali arasında ümumi təbliğat işləri. MTM üzrə dərslər 24 rayonda 2335 müəllim tərəfindən 1200 məktəbdə keçirilir. Hazırda bu kurs 52 min şagirdi əhatə edir və növbəti illərdə də bunun davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycanda minadan zərərçəkənlərə yardım (MZY) proqramı minadan zərərçəkənlərin cəmiyyətə inteqrasiya olunmalarına yönəlib. Proqram çərçivəsində "Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi", "Azərbaycan minadan zərərçəkənləri üçün icma əsaslı kiçik biznes təlimləri", "Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi", "Minadan zərərçəkmiş insanlara və yaxud onların ailə üzvlərinə xalçaçılıq və dərzilik təlimlərinin verilməsi ilə işə cəlb eləmək" və "Əlil arabalarının paylanması" kimi layihələr həyata keçirilib.

Eyni zamanda, ANAMA beynəlxalq minatəmizləmə təşkilatları və digər milli minatəmizləmə qurumları ilə qarşılıqlı yardım və təcrübə mübadiləsini də uğurla həyata keçirir. 2009-cu ildən başlayaraq, ANAMA dövlət proqramına müvafiq olaraq ikitərəfli əlaqələr çərçivəsində Əfqanıstan, Gürcüstan, Tacikistan və Türkiyədən olan mütəxəssislər üçün təlimlər keçirib. Bu sahədə görülən işlər hazırda da davam etdirilir. Belə ki, NATO-nun Gürcüstanda həyata keçirdiyi layihə çərçivəsində ANAMA Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu tərəfindən ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində Gürcüstan hərbçiləri üçün təlimlər həyata keçirir.

2005-ci ildə ANAMA ilə NATO/NAMSA arasında imzalanmış müqaviləyə əsasən, "Saloğlu layihəsi" çərçivəsində icra olunan əməliyyat bu ilin 20 iyun tarixində uğurla başa çatıb.

2008-ci il dekabrın 12-də Azərbaycan Prezidentinin sərəncamına əsasən, mina təhlükəsi ilə mübarizə sahəsində xüsusi xidmətlərinə, vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə ANAMA əməkdaşları "Vətən uğrunda" və "Tərəqqi" medalları ilə təltif ediliblər.

İndiyədək agentlik tərəfindən 164 796 810 kvatdratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 661, 983-dür. Təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər, Yevlax, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Əməliyyatlarda 480 mütəxəssis və 120 yardımçı heyət iştirak edir. Həmçinin, əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir.

Xəbər lenti

Xəbər lenti