...

Azərbaycanda müəllim işləmək istəyənlərə imtahanların keçirilmə yeri və vaxtı açıqlanmağa başlanıb

Cəmiyyət Materials 20 İyul 2011 15:24 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu gündən orta məktəblərdə müəllim işləmək üçün ərizə vermiş namizədlərə imtahanın keçiriləcəyi yeri və vaxtı açıqlamağa başlayıb. Bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.
Azərbaycanda müəllim işləmək istəyənlərə imtahanların keçirilmə yeri və vaxtı açıqlanmağa başlanıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu gündən orta məktəblərdə müəllim işləmək üçün ərizə vermiş namizədlərə imtahanın keçiriləcəyi yeri və vaxtı açıqlamağa başlayıb. Bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Hər bir namizədə imtahanın keçiriləcəyi yer və vaxt haqqında məlumat onun "Şəxsi kabinet"inə göndərilir.

İmtahan vahid məkanda - Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçiriləcək.

İmtahan 1 saat davam edəcək. Hər dəfə idarədə eyni vaxtda 60 nəfər imtahan verə biləcək. Gün ərzində isə 360 nəfərin imtahan verməsi nəzərdə tutulur. Səhər saat 9:00-dan başlayan imtahanların keçilməsi saat 18:00-dək davam edəcək. Amma bəzən imtahanlar saat 17:00-da, yaxud 19:00-da yekunlaşa bilər.

Nazirlikdən bildirilib ki, idarədə imtahanın təşkili üçün tam şərait var. İmtahanın təhlükəsizliyi də tam şəkildə təmin olunub.

"İmtahan tam informasiya sistemi üzərindən təşkil olunacaq. Heç bir halda bu sistemə müdaxilə mümkün deyil", - nazirlikdən deyilib.

Azərbaycanda orta məktəblərə müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə iyulun 26-dan başlanacaq. İlk olaraq, iyulun 26-30-da ibtidai sinif müəllimi işləmək istəyənlər imtahan verəcəklər.

Avqustun 1-5-də ingilis, avqustun 8-11-də Azərbaycan dili və ədəbiyyat, avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22- 24-də riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da çağırışaqədərki hazırlıq, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə imtahanlar keçiriləcək.

2011-2012-ci tədris ili üçün respublikanın orta məktəblərindəki 2177 vakant yerə 9342 nəfər sənəd verib. Vakant yerlərin 374-ü Bakının, 1803-ü digər rayon və şəhərlərin payına düşür. Ən çox vakant yer ibtidai sinif müəllimliyi üzrədir. Respublikanın orta məktəblərindəki 110 vakant yerə 1834 nəfər sənəd verib.

Bundan sonrakı yerlər ingilis dili müəllimliyi üzrədir. Bu fənn müəllimləri üçün təqdim olunan 241 vakant yerə 1610 nəfər sənəd verib. Azərbaycan dili və ədəbiyyatı fənn müəllimləri üçün nəzərdə tutulan 265 vakant yerə 1389 nəfər ərizə təqdim edib.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq.
Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndiriləcək. Daha sonra namizədlər test imtahanı verəcəklər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılacaq.

İmtahanda test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunacaqlar.

Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlərə işə qəbul üçün namizədlər ümumi testlərin azı 60 faizinə cavab verməklə keçid balını toplamalıdırlar.

Xəbər lenti

Xəbər lenti