...

Ombudsman Azərbaycanda barışıq institutunun formalaşdırılmasını təklif edir

Cəmiyyət Materials 21 İyul 2011 15:09 (UTC +04:00)
Azərbaycan ombudsmanı boşanmalar zamanı barışıq institutunun formalaşdırılmasını və bunun işlək vəziyyətə salınmasını təklif edib.
Ombudsman Azərbaycanda barışıq institutunun formalaşdırılmasını təklif edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı boşanmalar zamanı barışıq institutunun formalaşdırılmasını və bunun işlək vəziyyətə salınmasını təklif edib.

Trend-in məlumatına görə, "Azərbaycan ailələrinin mövcud problemlərinin həllinə yönəlmiş qanunvericilik bazası və onun təkmilləşdirilməsi prespektivləri" mövzusunda keçirilən "dəyirmi masa"da çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, məhkəmələr nikahın pozulması ilə bağlı şikayətlərə baxarkən tərəflərin barışdırılması məqsədilə müvafiq iş aparmalıdırlar.

Əvvəllər məhkəmələrdə belə bir təcrübənin olduğunu deyən Süleymanova hesab edir ki, bu institut formalaşarsa, boşanmaların sayının azalmasına səbəb olar.

Ombudsman qadın və uşaqların hüquqlarının qorunması ilə bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi təklifi ilə çıxış edib və uşaqların xarici vətəndaşlara övladlığa verilməsinə nəzarətin gücləndirilməsini vacib sayıb.

O qeyd edib ki, əcnəbilərə övladlığa verilən uşaqların döyülməsi, incidilməsi, bəzi hallarda isə öldürülməsi faktları var.

Litvanın bu sahədəki təcrübəsini nümunə gətirən Süleymanovanın sözlərinə görə, bu ölkədə xarici vətəndaşlara övladlığa uşaq verilərkən ilk olaraq öz soydaşlarına təklif olunur.

Ombudsman cinayət törədən uşaqların cəzalandırılması məsələsinə toxunarkən bildirib ki, uşaqlara mümkün qədər liberal cəzalar verilməlidir.

"Yalnız başqa çıxış yolu olmadığı halda həbs verilə bilər. Oğurluğa görə nə qədər uşaq tutulub, azadlıqdan məhrum edilib. Məhkəmələr buna diqqət yetirməli, mümkün qədər liberal cəzalar verməlidirlər", - o bildirib.

Ombudsman qız qaçırmaya görə qanunvericiliyin ağır cəza nəzərdə tutduğunu və bununla razı olmadığını da qeyd edib.

"İki gənc bir-birini sevir, ancaq onların ailə qurmasını istəmirlər, buna problem yaradırlar. İstədiyi qızı qaçırdığı zaman məhkəmə həmin şəxsə 9 il həbs cəzası verir", - Süleymanova bildirib.

Xəbər lenti

Xəbər lenti