Azərbaycan, Bakı, 26 iyul /Trend/
"Təmiz Şəhər" ASC əhali arasında maarifləndirmə işlərini davam etdirir. Bu barədə çərşənbə axşamı Trend-ə "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
2011-ci ilin tədbirlər planında "Təmiz Şəhər" ASC-nin qarşısına qoyulmuş əsas məqsədlərdən biri maarifləndirmə işi ilə bağlıdır. İctimai ekoloji təlim-tərbiyə işlərinin aparılması, təhsil müəssisələrində mühazirələrin oxunması, sakinlərlə görüşlərin təşkil edilməsi və ətraf mühitin mühafizəsi sahəsində insanların biliklərinin artırılması işlərinə ASC tərəfindən böyük önəm verilir.
Bu məqsədlə Cəmiyyət tərəfindən 2011-ci ilin birinci yarısında bir sıra işlər görülüb. ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində "Ətraf mühit və neft sənayesi" istiqaməti üzrə magistratura pilləsinin 6 qrupunun tələbələrinə tullantıların idarə edilməsi mövzusunda mühazirələr oxunub. Mühazirələr tələbələr arasında böyük marağa səbəb olub və bu cür mühazirələrin gələcəkdə də tədris olunması zəruriliyi nəzərə alınaraq növbəti akademik ilində də analoji mühazirələrin oxunması planlaşdırılır.
Bundan başqa, "Təmiz Şəhər" ASC-nin ofisində fəaliyyət göstərən Tullantıların İdarə Edilməsi üzrə Məlumat və Resurs Mərkəzi bazasında tələbə və jurnalistlər üçün "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda təlim-tədris kursları təşkil edilib. Təlimlərdə iştirak edən tələbə və jurnalistlər üçün tullantıların idarə edilməsi sahəsində mövcud qanunvericilik bazası, tullantılarının emalı sahəsində müasir texnologiyaların tətbiqi və digər aidiyyəti mövzularda mühazirələr oxunub. Mütəxəssislər müəssisələrin təkrar xammaldan istifadə potensialının gücləndirilməsi, tullantıların idarə edilməsinin iqtisadi səmərəliliyinin artırılması, tullantıların emalının əsas xüsusiyyətləri, tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsiri haqqında da məlumat verilib. Təlim-tədris kursunda fərqlənmiş iştirakçılara təlimlərin yekununda müvafiq sertifikat verilib.
Bundan başqa, "Təmiz Şəhər" ASC-nin iki pilot layihəsi - "İçərişəhər" DTMQİ ərazisində tullantıların çeşidlənməsi və "Təmiz Qala" layihəsi çərçivəsində Qala qəsəbəsi ərazisində tullantıların müasir üsulla çeşidlənmiş şəkildə toplanması, daşınması və zərərsizləşdirilməsi prosesində ictimai maarifləndirmə və təşviqat işlərinə çox böyük diqqət yetirilir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən Qala qəsəbəsində 2010-cu ildən başlayaraq "Təmiz Qala" layihəsinin uğurlu icrasını və əhalinin layihədə fəal iştirakını təmin etmək üçün geniş təşviqat və maarifləndirmə proqramı həyata keçirilir. "Təmiz Şəhər" ASC-nin təşkil etdiyi təşviqat proqramı Qala əhalisinin bütün yaş təbəqələrini əhatə edir. Belə ki, uşaq bağçasında uşaqlarla ekoloji yarışlar və oyunlar təşkil edilib, məktəblərdə maarifləndirici söhbətlər aparılıb, qəsəbə sakinləri ilə evlərdə maarifləndirmə xarakterli görüşlər keçirilib, əhaliyə ekoloji mövzularda müxtəlif izahedici və təşviqat materialları paylanıb, mütəmadi iməcliklər keçirilib.
Həmçinin, aprel-iyun aylarında Qala qəsəbəsində əsas məşğuliyyət növünün kənd təsərrüfatı olmasını nəzərə almaqla, "Kompost" layihəsi həyata keçirilib. Tullantılardan təbii gübrənin əldə edilməsi və kənd təsərrüfatına dəstək, tullantı həcminin azalması məqsədi ilə əhali ilə söhbətlər aparılıb, gübrənin əldə edilməsini əyani göstərmək kompost qutuları "Təmiz Şəhər" ASC tərəfindən hazırlanaraq qəsəbə ərazisində yaşayan pilot evlərə paylanıb.
Digər pilot ərazi olan "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğunda oxşar maarifləndirmə işləri aparılıb. Belə ki, Qoruq sakinləri və orada fəaliyyət göstərən müəssisə nümayəndələri ilə mütəmadi çay məclisləri təşkil olunub, "Təmiz Şəhər" ASC-in nümayəndələri İçərişəhərdə yerləşən bütün ev və müəssisələri dolaşaraq bütün sakinlərlə və müəssisə nümayəndələri ilə görüşüb, maarifləndirici söhbətlər aparıb, sakinlərə izahedici buklet və digər təşviqat materialları təqdim edilib, vaxtaşırı uşaq görüşləri və ekoloji oyunlar təşkil edilib.
Əhalinin tullantıların idarə edilməsində fəal iştirakının təmin etmək məqsədi ilə bu cür tədbirlər davamlı şəkildə həyata keçiriləcək.