...

Azərbaycanda məhkumlar arasında bədii yaradıcılıq müsabiqəsi keçirilib

Cəmiyyət Materials 27 İyul 2011 20:08 (UTC +04:00)
Bu gün 11 saylı cəzaçəkmə müəssisəsində məhkumların birinci bədii yaradıcılıq müsabiqəsi keçirilib.
Azərbaycanda məhkumlar arasında bədii yaradıcılıq müsabiqəsi keçirilib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün 11 saylı cəzaçəkmə müəssisəsində məhkumların birinci bədii yaradıcılıq müsabiqəsi keçirilib. Trend-in məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən təşkil olunan müsabiqədə bütün cəzaçəkmə müəssisələrinin bədii özfəaliyyət kollektivləri çıxış ediblər.

Məhkumlar mahnılar, rəqslər ifa ediblər. 2, 9, 12 və 17 saylı müəssisələrin təmsilçilərindən aşıq ifaçıların deyişməsi olub. 10, 12, 13 və 14 saylı müəssisələrin məhkumları arasında "Hörmət görmək istəyən Azərbaycana gəlsin" qafiyəsində meyxana deyişməsi keçirilib.

12 saylı müəssisənin "Qaradağ" bədii özfəaliyyət kollektivinin təmsilçisi olan Nigeriya vətəndaşının ifasında "Anadır Qarabağ" mahnısı müsabiqə iştirakçılarının və məhkumların böyük marağına səbəb olub.

4 saylı cəzaçəkmə müəssisəsinin qadın məhkumları isə "Məşədi İbad" tamaşasından səhnəcik nümayiş etdiriblər.

Bədii yaradıcılıq müsabiqəsində 10-a yaxın komanda iştirak edib.

Müsabiqənin yekununda qaliblərə mükafatlar və hədiyyələr təqdim olunub.

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib ki, məhkumların asudə vaxtının səmərəli təşkili, islahı və cəmiyyətə inteqrasiyası məqsədilə cəzaçəkmə müəssisələrində silsilə tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, ilk dəfə olaraq bütün cəzaçəkmə müəssisələrindən olan məhkumlar bu müsabiqədə bir araya gəliblər. O, bu qəbildən olan tədbirlərin davam etdiriləcəyini bildirib və bu məqsədlə əlaqədar qurumlarla əməkdaşlıq edildiyini deyib.

Xəbər lenti

Xəbər lenti